Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

KOVALYOV YURİ PETROVİÇ

Yuri Petroviç Kovalyov 1965-ci ilin noyabr ayının 29-da Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. 1981- ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışmışdır.

1983-cü ildə Y.Kovalyov ordu sıralarına çağırılmışdır. 1985-ci ildə ordudan təxris olunmuşdur. 1987-ci ildə Qırmızıbayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olmuşdur.

Azərbaycan torpaqlarının işğala məruz qalması və soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla qovulması bir insan kimi Yurini də narahat edirdi. Elə bu səbəbdən də o, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, Respublikanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. O, Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu.

1991-ci il oktyabr ayının 3-də polis starşinası Yuri Kovalyov Xocavənd rayonu ərazisində aparılan növbəti əməliyyatdan qayıdırdı. İdarə etdiyi maşın Ağdama tərəf irəliləyirdi. Maşın qəflətən atəşə tutuldu. Yuri Kovalyov ağır yaralandı. Atəş səngimək bilmirdi. Bütün varlığı ilə Azərbaycanı sevən, onu özünə əsl vətən bilən Yuri Qarabağın Xocavənd rayonu ərazisində qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Kovalyov Yuri Petroviç (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ailəli idi. İki qızı yadigar qalıb.

Y.Kovalyov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki 229 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.