Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

QULİYEV NAZİM QABİL oğlu

Nazim Qabil oğlu Quliyev 1965-ci ilin fevral ayının 7-də Beyləqan rayonunun Örənqala kəndində doğulmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Hərbi hissədə nümunəvi xidməti komandirin diqqətindən yayınmır. Onu 6 aylıq hərbi məktəbə göndərirlər. O, xidmətini başa vurub doğma ata yurdu Füzuliyə qayıdır və 2 saylı şərab zavoduna işə qəbul olunur.

1988-ci ildə Qarabağ münaqişəsi başlayanda silaha sarılaraq, özünümüdafiə dəstələrindən birinin tərkibində döyüşlərə gedir.

1991-ci ilin aprel ayında N.Quliyev Füzuli rayon Polis Şöbəsində təşkil olunan post-patrul rotasına sıravi polis kimi işə qəbul olunur. O, Füzuli bölgəsində yerləşən kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərin əksəriyyətində iştirak edir və döyüşlərdə dəfələrlə fərqlənir. N.Quliyev mülkü əhalinin təhlükəsizliyinin təmin edilməsində xüsusi şücaət göstərir, yaralıların təcili olaraq xəstəxanalara çatdırılmasında əlindən gələni əsirgəmirdi. O, bütün tapşırıqları layiqincə yerinə yetirdiyinə görə polis starşinası rütbəsi alır və bölmə komandiri təyin edilir. N.Quliyev öz bölməsi ilə tez-tez qaynar nöqtələrdə olur, düşmənlə ağır döyüşlərə girir və hər dəfə də qələbə ilə geri dönürdü. Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu.

1992-ci ilin yanvar ayının 9-da Köşbək kəndi uğrunda gedən döyüşlərdə 7 əsgərimiz mühasirədə qalmışdı. N.Quliyev dəstəsi ilə özünü ora çatdırır. Gərgin keçən döyüşdə düşmən geri otuzdurulur və əsgərlər mühasirədən çıxarılır. Bunun ardınca ona yeni bir xəbər çatdırılır: hərbi texnikamız düşmən əhatəsində qalıb, təcili surətdə onu xilas etmək lazımdır. N.Quliyev vaxt itirmədən idarə etdiyi BTR-i (zirehli döyüş maşını) işə salaraq birbaşa düşmən üzərinə sürür. İlk həmlədə ermənilərin 2 əsas döyüş nöqtəsi susdurulur. Bununla da mühasirədə qalmış hərbi texnikanı azad etmək mümkün olur. Lakin düşmən gülləsi də igid döyüşçüdən yan keçmir. O, 27 yaşında gözlərini əbədi yumur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Quliyev Nazim Qabil oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Subay idi.

N.Quliyev Füzuli rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir. Füzuli rayonunun Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri Qəhrəmanın adını daşıyır.