Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MƏMMƏDOV KAZIM ƏRŞAD oğlu

Kazım Ərşad oğlu Məmmədov 1969-cu ilin oktyabr ayının 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açmışdır. 1976-cı ildə buradakı 1 saylı orta məktəbə daxil olmuş, 1986-cı ildə oranı bitirmişdir. Həmin il sənədlərini Gəncə İnşaat Texnikumuna vermiş və tələbə adını qazanmışdır.

1988-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Çelyabinsk şəhərində çəkmişdir. 1990-cı ildə ordudan təxris olunduqdan sonra təhsilini davam etdirmək üçün Gəncəyə gəlir. O vaxt Azərbaycanın üstünü qara buludlar almışdı. Erməni yaraqlıları tez-tez bölgələrimizə hücumlar edirdilər. Kazım Məmmədov buna dözməyərək, texnikumun qiyabi şöbəsinə keçir.

1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində işə başlayır və tezliklə də cəbhəyə yollanır. O, ilk gündən öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirir.

1991-ci ilin noyabr ayının 15-də gecə ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə hücuma keçirlər. Qüvvələr qeyri-bərabər idi. Sayca üstün olan düşmən hər vəchlə sədləri qırmağa çalışır, döyüşçülərimizi geri çəkilməyə məcbur edirdilər. Mühasirə həlqəsi getdikcə daralırdı. Kazım boş evlərdən birini özünə münasib mövqe seçir, ilk atəşlə ermənini yerə sərir. Onun ardınca daha bir neçə yaraqlını məhv edir. Düşmən geri çəkilmək bilmir, getdikcə qüvvələrini cəmləşdirirdi. Güllələr dolu kimi Kazımın üzərinə yağırdı. Kazım isə ölümün gözünə dik baxaraq erməni qəsbkarlarına təslim olmur. Ermənilər daha da azğınlaşaraq binaya od vururlar. Bina alova bürünür. Kiçik çavuş K.Məmmədov burada qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 savlı Fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Subay idi.

K.Məmmədov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dəfn edilmişdir.

Oxuduğu məktəbə Qəhrəmanın adı verilmişdir. Məktəbin önündə büstü qoyulmuşdur.

K.Məmmədovun adına 3 mükafat təsis edilmişdir.