Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MƏMMƏDOV ƏLİ HÜSEYN oğlu

Əli Hüseyn oğlu Məmmədov 1955-ci ilin avqust ayının 11-də Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhəri 255 saylı orta məktəbdə almışdır. Sonra Bakı Poliqrafiya Məktəbinə daxil olmuş və çapçı ixtisasına yiyələnmişdir. Bir müddət mətbəədə işləmişdir.

1975-ci ildə Ə.Məmmədov ordu sıralarına çağırılır. Hərbi xidmətini Macarıstanda keçirib. 1978-ci ildə daxili işlər orqanlarında sıravi polis nəfəri kimi işə başlayır. 1982-ci ildə Polis Akademiyasına daxil olur. 1984-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurub, Bakının Binəqədi rayonunda sahə müvəkkili vəzifəsinə təyin edilir. 1987-ci ildə nümunəvi polis işçisi kimi Ə.Məmmədovu Moskva Polis Akademiyasına ixtisasartırma kursuna göndərirlər. Sonra Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsində polis kapitanı rütbəsində baş əməliyyat müvəkkili vəzifəsinədək yüksəlir.

Polis kapitanı Ə.Məmmədov Qarabağda və sərhəd bölgələrində gedən döyüşləri həyəcanla izləyir, həmin bölgələrə getməyə can atırdı. Nəhayət, 1992-ci ilin əvvəllərindən o, mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə cəbhə bölgələrinə göndərilir. 1992-ci il sentyabrın 24-də Əli yenidən döyüş bölgəsinə Laçın rayonuna ezam olunur. Ermənilərin ələ keçirdiyi mühüm strateji əhəmiyyətə malik olan Qızartı yüksəkliyini almaq üçün kəşfiyyat planı hazırlanırdı. Əli də bu kəşfiyyat qrupuna daxil edilmişdi. Gecə yüksəklik düşməndən azad edilir, lakin oktyabrın 1-də sübh tezdən sayca qat-qat üstün olan düşmən əks-hücuma keçir. Əli qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək, yaralıların döyüş meydanından çıxarılmasına şərait yaradır. Son anadək mərdliklə vuruşan polis kapitanı Ə.Məmmədov başından ağır yaralanır. Bu, onun ömrünə son qoyur.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı Fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı həyatda yadigar qalıb.

Ə.Məmmədov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakının Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Qəhrəmanın adını daşıyır.