Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MİRZƏYEV KƏRƏM ƏRŞAD oğlu

Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı ilin may ayının 20-də Qubadlı rayonunun Xanlıq kəndində doğulmuşdur. 1977-ci ildə doğma kəndlərində orta məktəbi bitirdikdən sonra bir il öz rayonlarında Yol İstismar İdarəsində fəhlə işləmişdir.

1978-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1983-cü ildə su qurğuları tikinti mühəndisi fakültəsini bitirərək, doğma yurdu Qubadlıya qayıtmışdır.

1983-85-ci illərdə K.Mirzəyev Sovet Ordusu sıralarında Arxangelsk və Murmansk şəhərlərində tank qoşun hissələrində hərbi xidmətdə olmuşdur. Ordudan təxris olunduqdan sonra - 1990-cı ilə qədər 21 saylı Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, bacarıqlı mütəxəssis kimi tanınırdı. Qəlbinin səsi ilə polis orqanlarında işləməyə üstünlük verdi.

1990-cı ildə K.Mirzəyev Qubadlı rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə başladı. Çox keçmədən ona baş leytenant rütbəsi verilir. Sonra, arzusunu nəzərə alaraq, Respublika Daxili İşlər Nazirliyi gənc polis zabitini Kalininqrad Ali Hüquq Akademiyasına göndərir. O, fərq imtahanlarını müvəffəqiyyətlə verdiyinə görə Akademiyanın ikinci kursuna qəbul edilir.

K.Mirzəyev el-obasına qəlbən bağlı bir insan idi.

Erməni basqınlarının başlandığı ilk günlərdən o, torpaqlarımızın toxunulmazlığı yolunda vuruşmaq üçün silaha sarıldı. Qubadlı rayonunun müdafiəsində onun müstəsna xidmətləri olmuşdur. O, rayonun Novlu, Seytas, Yuxarı və Aşağı Cibikli, Əyin, Əliquluuşağı və başqa sərhəd kəndlərində gedən şiddətli döyüş əməliyyatlarında fəal iştirak etmişdi. O, 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarmışdı. Bu döyüşdə düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. "Laləzar" əməliyyatında da Kərəmin böyük xidmətləri olmuşdur. 1992-ci ilin aprelində keçirilən bu əməliyyatda erməni quldurlarının başçısı Karenin dəstəsi darmadağın edildi. Onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdirdilər.

1992-ci ilin oktyabr ayının əvvəlində Laçın rayonunun Mazutlu kəndində iki gün davam edən döyüş nəticəsində Milli Ordumuzun əsgərləri düşməni geri çəkilməyə məcbur etmişdi. Ermənilər əlavə qüvvə alaraq, yenidən mövqelərimizə hücum etdilər. Polis əməkdaşlarımız mühasirəyə düşdülər. K.Mirzəyev vəziyyətin cox təhlükəli olduğunu görüb yoldaşlarına geri çəkilməyi əmr edir, özü isə bir polis yoldaşı ilə erməni yaraqlılarının qarşısını kəsir. Polis işçilərindən ibarət böyük bir dəstəmiz mühasirədən çıxır, Kərəm özü isə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Evli idi. Bir oğlu yadigar qalıb.

K.Mirzəyev Qubadlı rayonu Xanlıq kəndində dəfn edilmişdir.

Xanlıq kənd orta məktəbi Qəhrəmanın adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir.