Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

RÜSTƏMOV HİDAYƏT ELDAR oğlu

Hidayət Eldar oğlu Rüstəmov 1970-ci ilin avqust ayının 19-da Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açmışdır. Burada səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 saylı texniki-peşə məktəbində davam etdirmişdir.

1988-90-cı illərdə H.Rüstəmov Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

H.Rüstəmov hələ məktəbdə oxuyarkən polis sistemində işləmək arzusu ilə yaşayırdı. 1991- ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul edildi. Eldar ilk günlərdən bir polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, döyüş rəşadətləri göstərdi. Ancaq Hidayətin ömür yolu o qədər də uzun olmadı.

1991-ci ilin dekabr ayının 23-də erməni yaraqlılarının Meşəli kəndinə növbəti hücumu başladı. Düşmən tez bir zamanda kəndi mühasirəyə aldı. Dinc əhalini xilas etmək üçün Ağdam rayon DİŞ-nin əməkdaşları döyüşə girdilər. Cəsur polis çavuşu H. Rüstəmov boş evlərin birində özünə mövqe seçdi. Qüvvələr qeyri-bərabər idi. Hidayət, yaxınlaşan erməni yaraqlılarına qarşı qorxu bilmədən gözlənilməz zərbələr endirirdi. Nəticədə neçə-neçə erməni faşistinin cəsədi döyüş meydanında qaldı. Quldurlar cəsur döyüşçü H.Rüstəmovun təslim olmayacağını görüb, evə od vurdular. H.Rüstəmov son damla qanınadək vuruşdu və qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

H.Rüstəmov Ağdam rayonunda, Şəhidlər Xiyabanında dəfn edilmişdir.