Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

SALAHOV ŞAKİR ŞAMİL oğlu

Şakir Şamil oğlu Salahov 1966-cı ilin iyun ayının 15-də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd səkkizillik məktəbini bitirdikdən sonra, təhsilini həmin kənddəki qiyabi orta məktəbdə davam etdirmişdir.

1984-cü ildə Ş.Salahov hərbi xidmətə çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini müvəffə­qiyyətlə başa vurub Xankəndi şəhər Daxili İşlər idarəsinin mühafizə şöbəsinə işə qəbul edilir.

1990-cı ildə Yuxarı Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyi Cəmilli kəndində polis bölməsi yaradır. Ş. Salahov ilk gündən bölmədə fəaliyyətə başlayır. 1991-ci ildə Ş.Salahov Azərbaycan Dövlət Pedaqoji Universiteti Şuşa şəhər filialının fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur.

Cəmilli kəndində yaradılmış bölmə, əsasən Kosalar və Cəmilli kəndlərini mühafizə edirdi. Bu kənd Xankəndindən cəmi 3 kilometr aralıda idi.

Ş.Salahov ermənilər tərəfindən hücumların qarşısının alınmasında əsl hünər göstərirdi. 1991-ci il fevral ayının 26-da ermənilər üç tərəfdən - Ballıca, Xənəzək və Xankəndi istiqamətlərindən Cəmilli kəndinə güclü hücuma keçdilər. Həmin döyüşdə Ş.Salahov neçə- neçə erməni quldurunu məhv etdi. 1991-ci il avqust ayının 23-də erməni quldurları Kosalar - Cəmilli kəndləri arasındakı "Darlı" adlanan yerdə, içərisində 21 nəfər sərnişin olan "UAZ" markalı maşını atəşə tutdular. Nəticədə üç nəfər şəhid oldu. Şakir şəhidlərin qanını yerdə qoymadı.

Cəmilli kəndi işğal olunanda Ş.Salahov Kosalar kəndinin müdafiəsinə göndərildi. Bu zaman ermənilərlə döyüşdə Ş.Salahov düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdi. 1992-ci ilin yanvar ayının 28-dı Ağdam - Şuşa marşrutu ilə uçan vertolyotumuz ermənilər tərəfindən raketlə vuruldu. Həlak olanlar içərisində Ş.Salahov da vardı.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Salahov Şakir Şamil oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

Ş.Salahov Bərdə şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.