Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ŞAHVERDİYEV İSRAFİL ŞAHVERDİ oğlu

İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci ilin iyun ayının 11-də Laçın rayonunun Unannovu kəndində doğulmuşdur. 1959-cu ildə Unannovu kənd orta məktəbinə getmiş, 1969-cu ildə həmin məktəbi bitirmişdir.

1971-74-cü illərdə İ.Şahverdiyev ordu sıralarında olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Yağı düşmən torpaqlarımıza basqın edən vaxtdan, İ.Şahverdiyev bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində və quldurların tutulub zərərsizləşdirilməsində yaxından iştirak etmiş, fədakarlıqlar göstərmişdir. Onun şücaəti nəticəsində Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni cəsusu yaxalanmışdır. Salatın Əsgərovanm həyatına qəsd edən quldurların ələ keçirilməsində də onun böyük əməyi olmuşdur.

1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldurlarından təmizləmək məqsədilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaraqlıları güclü müqavimətlə rastlaşdılar və geri çəkilməyə məcbur oldular.

İ.Şahverdiyev öz rotası ilə 1992-ci ilin sentyabr ayının 19-dan noyabr ayının 17-ə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərmişdir.

1994-cü ilin yanvar ayının 6-da Horadiz qəsəbəsi azad edildikdən sonra İ.Şahverdiyevin rotası Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Rota Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir.

İgid komandir İ.Şahverdiyevin son döyüşü 1994-cü ilin yanvar ayının 13-də olur. Rota bir neçə istiqamətdən hücuma keçərək, düşmənin əsas qüvvəsini sarsıdır. Erməni yaraqlılarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir. Lakin bu döyüşdə İ.Şahverdiyev özü də qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

İ.Şahverdiyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib.

Laçın rayon orta məktəblərindən bırı Qəhrəmanın adını daşıyır.