Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MƏMMƏDOV SAHİL ƏLƏMDAR oğlu

Sahil Ələmdar oğlu Məmmədov 1964-cü ilin fevral ayının 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olmuşdur. 6 yaşında ikən əmisi ilə Bakı şəhərinə gəlmişdir. 1971-ci ildə Bakıxanov qəsəbəsindəki 96 saylı orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə onuncu sinfi bitirmişdir.

1982-ci ildə S.Məmmədov ordu sıralarına çağırılmışdır. 1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində hərbi xidmətini başa vuraraq, SSRİ DİN-nin Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olmuşdur. 1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərinə göndərilir. Burada o, Daxili Qoşun Hərbi Birləşmələrinin tərkibində rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində çalışmağa başlayır. S.Məmmədov Azərbaycanda baş verən hadisələrlə bağlı çox səthi, əksər hallarda yanlış məlumatlar alırdı. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulması xəbəri onu bərk həyəcanlandırır. Valideynlərinin taleyini düşünür, bərk nigarançılıq keçirir. Mart ayında məzuniyyət götürüb, doğma yurdu Nizami kəndinə gedir. Valideynlərini təcili Bakıya yola salıb, Kiyevə qayıdır. Azərbaycana göndərilməsi haqqında rəhbərliyə bir neçə dəfə müraciət edir. Lakin müraciəti cavabsız qalır. 1991-ci ilin oktyabrında Sovet Ordusu sıralarından təxris olunmağı barədə raport yazır.

1992-ci il yanvarın 2-də Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlar İdarəsinin hərbi polis alayında rota komandirinin müavini kimi xidmətə başlayır. Elə ilk günlərdən hərbi işdəki təcrübəsini nəzərə alaraq cəbhə bölgəsinə göndərilməsini istəyir. Çox keçmir ki, Sahil Məmmədovu Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərinə zastava rəisi təyin edirlər. Düşmən Qazançını zəbt etmək üçün hücümlara ara vermirdi. Milli Ordumuzun əsgərləri bu hücumların qarşısını məharətlə alırdı.

Ermənilər növbəti dəfə bütün gücünü toplayaraq hücuma keçdilər. Bu dəfə də güclü müqavimətlə qarşılaşdılar və çoxlu itki verərək geri çəkildilər. Qazançı kəndi ara vermədən raket və top atəşinə tutulurdu. Mərmilərdən biri cəsur komandirin yanında partladı. O, sağ qolundan və sağ ayağından ağır yaralandı. Onu döyüş meydanından çıxarıb Bakıya - mərkəzi xəstəxanaya göndərirlər. Həkimlərin ciddi-cəhdi nəticəsində o, sağalıb ayağa durdu.

1994-cü ildən S. Məmmədov polkovnik rütbəsinə kimi yüksələrək DİN-nin Baş Pasport  Qeydiyyat və Miqrasiya İdarəsində baş inspektor vəzifəsində çalışmış və hazırda təqaüddədir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ailəlidir. Bir övladı var.