Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

NƏCƏFOV FƏXRƏDDİN VƏLİYƏDDİN oğlu

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci ilin mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlamışdır.

1985-ci ildə F.Nəcəfov hərbi xidmətə çağırılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunub, Vətənə qayıdır, DİN-nin Yanğından Mühafizə İdarəsində işə qəbul olunur. 1988-ci ildə nazirliyin təqdimatı ilə F.Nəcəfov Xarkov Yanğından Mühafizə Ali Hərbi məktəbinə göndərilir. 1990-cı ildə təhsilini başa vuran Fəxrəddin Bakıda 14 saylı Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsinə təyin edilir.

1991-ci ildə, Azərbaycana qarşı Ermənistan Silahlı qüvvələrinin hücumlarının şiddətləndiyi dövrdə F.Nəcəfov könüllü olaraq Qarabağ cəbhəsinə yollanır.

Fəxrəddin ilk döyüşə Goranboy rayonu ərazisində başlayır. 1992-ci ildə onu Ağdam cəbhəsində döyüşən hissələrin birinə bölük komandiri təyin edirlər.

Həmin vaxtlarda Ağdamın Canyataq və Gülyataq kəndlərində ağır döyüşlər gedirdi. F.Nəcəfovun bölüyünə düşmən ərazisinə düşən təyyarəçimizi xilas etmək tapşırığı verilmişdi. F.Nəcəfov təyyarəçini xilas edərkən Canyataq kəndində öz dəstəsi ilə mühasirəyə düşür. Bir neçə gün qızğın döyüş gedir. Nəhayət, bölük mühasirə həlqəsini yara bilir.

Həmin gün F.Nəcəfov bir neçə yerindən ağır yaralanır. O, bir müddət hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdır. 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə düşməni ağır itkiyə məruz qoyan cəsur komandir qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

F.Nəcəfov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Nəsimi rayonundakı 266 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbin həyətində F.Nəcəfovun büstü qoyulmuşdur.