Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

QULİYEV MƏTLƏB KAMRAN oğlu

Mətləb Kamran oğlu Quliyev 1959-cu ilin yanvar ayının 9-da Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı pambıqçılıq sovxozundakı orta məktəbdə almışdır. Sonra ailəsi Sumqayıt şəhərinə köçmüşdür. O, təhsilini səkkizinci sinfə qədər buradakı 13 saylı orta məktəbdə davam etdirmişdir.

Hərbçi olmaq həvəsi onu C.Naxçıvanski adına hərbi məktəbə gətirir. Burada oxuyarkən M.Quliyev hərb elminin sirlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı.

M.Quliyev hərbi məktəbi müvəffəqiyyətlə bitirir, əvvəlcə Giləzi Quşçuluq fabrikində, sonra isə Ceyranbatan Avtomobil Nəqliyyatı Trestində çilingər işləyir. Az keçmir ki, ordu sıralarına çağırılır. Hərbi xidməti Ukrayna Respublikasında keçir. Ordudan təxris olunan il Azərbaycan Dövlət Pedaqoji institutuna daxil olur. İnstitutda «Təhsil əlaçısı» döş nişanı ilə təltif edilir. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır.

1992-ci ildə Daxili İşlər Orqanında işə düzəlir. O, bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə mükəmməl məşğul olurdu. O, yaxşı bilirdi ki, Vətəni qorumaq, işğal olunmuş torpaqları erməni tapdağından azad etmək üçün əsl  vətənpərvər olmaq lazımdır. O, tez-tez cəbhə bölgələrinə gedir, döyüş yoldaşlarına dayaq olurdu.

Müharibə isə səngimək bilmirdi.

1992-ci ilin avqust ayının 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi oyatmaq lazım idi. Mətləb pulemyotu əlinə götürüb düşmən üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, hər tərəfdən hücuma keçirlər. Yanındakı kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı yenidən pulemyota qoşur və yenidən erməni faşistini biçməyə başlayır. Lakin özü də qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna (ölümündən sonra) «Azərbaycanm Milli Qəhrəmanı» adı verilmişdir.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

M.Quliyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Sumqayıt şəhər 3 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə M.Quliyevin Xatirə lövhəsi vurulmuş, adına bulaq tikilmişdir.