Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

MƏHƏRRƏMOV SƏXAVƏT ƏLƏMDAR oğlu

Səxavət Ələmdar oğlu Məhərrəmov 1973-cü ilin dekabr ayının 5-də Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində dünyaya göz açmışdır. 1988-ci ildə daşnakların mənfur siyasəti nəticəsində Səxavət də öz el-obasından didərgin düşmüşdür. Doğma kəndlərindən ayrılanda o, doqquzuncu si­nifdə oxuyurdu. Ailələri bir müddət Gürcüstanda yaşamış, oradan da Bakının Lökbatan qəsəbəsinə köçmüşdür. 1990-cı ildə qəsəbədə 106 saylı orta məktəbi bitirdikdən sonra, 1 saylı Təmir-Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır.

Azərbaycanda Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından idi. Üstəlik, onun musiqiyə, şerə həvəsi çox güclü idi. Özü də şeir yazırdı.

S.Məhərrəmov 1991-ci ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə başlayır. Əvvəlcə Daxili Qoşunlarda, sonra isə təzəcə yaranan Milli Ordu sıralarında. Qorxmazlığı, igidliyi ona döyüşçü dostları arasında böyük hörmət qazandırmışdı. Bir sıra hərbi əməliyyatlarda fəal iştirak etmiş, rəşadət nümunəsi göstərmişdi.

1992-ci ilin iyun ayının 27-də Ağdərənin strateji əhəmiyyətli Möhrətağ kəndi dəfələrlə əldən-ələ keçmişdi. Kənd uğrunda qızğın döyüş gedən vaxt Səxavət tez-tez yerini dəyişir, düşmən mövqelərinə dağıdıcı zərbələr endirirdi. Nəhayət, ermənilər əllərində olan zirehli maşını da itirdikdən sonra kəndi tərk etməyə məcbur oldular. Bu döyüşdə Səxavət erməni yaraqlılarını məhv edir və özü də qəhrəmanlıqla şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

S.Məhərrəmov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbə Qəhrəmanın adı verilib. Məktəbin dəhlizində S.Məhərrəmovun büstü qoyulmuşdur.