Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ƏSƏDOV MALİK HAMİL oğlu

Malik Hamil oğlu Əsədov 1962-ci ilin iyun ayının 27-də Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur.
1979-cu ildə burada orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Qazaxıstanda hərbi xidmətini başa vurub, Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır.

Qarabağ hadisələri başlayanda Malik xidməti formasını çıxarıb əsgər paltarı geyinir. Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.

1992-ci il yanvar ayının 12-də Mingəçevirdən 20 nəfər döyüşçü Şuşaya yola düşmüşdü. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.
Yanvarın 18-də ermənilər kəndə hər tərəfdən hücuma keçdilər. Yaraqlıların sayı yüzə yaxın olardı. Malikgilin dəstəsində isə cəmi 6 nəfər vardı. Qızğın döyüşdən sonra polislər geri çəkilməyə məcbur oldular. Bu ölüm-dirim vuruşunda M.Əsədov bir neçə güllə yarası alsa da o, yenə də cəsarətlə döyüşürdü. Nəhayət, Şuşa polisinin əməkdaşları kömək üçün özlərini onlara yetirəndə artıq gec idi. Malik gözlərini əbədi yummuşdu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əsədov Malik Hamil oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.
M.Əsədov Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi Qəhrəmanın adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə M.Əsədovun büstü qoyulmuşdur.