Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

CƏBRAYILOV MİKAYIL ƏHMƏDİYYƏ oğlu

Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov 1952-ci ilin aprel ayının 27-də Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun ailəsində anadan olmuşdur. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə Şəki İpək İstehsalat Birliyində başlamışdır.


1971-ci ildə M.Cəbrayılov Şəki şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. 1976-cı ildə Milis Məktəbinə göndərilib. 1978-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Mikayıl leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilmışdir.


1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu dəstəyə Mikayıl başçılıq edirdi. Polis əməkdaşları əvvəlcə Ağdama gəlirlər. Orada müvafiq tapşırıq aldıqdan sonra Cəmilli kəndinə getmək üçün Şuşaya yola düşürlər. Yolda erməni quldurları tərəfindən bir neçə dəfə hücuma məruz qalırlar. Lakin çətin də olsa təhlükədən sovuşa bilirlər. Bu, o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə, eləcə də digər Azərbaycan rayonlarına tez-tez hücum edir, dinc əhaliyə aman vermirdilər. Mikayıl dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün Kosalar kəndinə yola düşür. Onunla birlikdə 15 nəfər də gedirdi. Cəmilli-Kosalar arasında ermənilər qəflətən hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim savaşına girir. Kənd sakinlərinə döyüş meydanını tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalır. O, özünü maşının altma verib, avtomatın sinəsinə sıxaraq düşmənə cavab atəş açmaqda davam edirdi. Artıq kənd sakinləri hadisə yerini tərk edə bilmişdi. Düşmən baş leytenantı mühasirəyə almışdı. Məğlubedilməz Qəhrəman artıq son güllələrini istifadə edirdi. O, yoldaşlarını xilas edə bilsə də, özünü xilas edə bilmədi. Atılan güllələrdən biri onun sinəsinə tuşlandı. M.Cəbrayılov Vətən, Xalq yolunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ailəli idi. Bir övladı var.
M.Cəbrayılov Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir.
Şəki şəhərində M.Cəbrayılovun adına küçə var. Şəhid olduğu kənd Qəhrəmanın adını daşıyır.