Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ABBASOV MEHDİ YUSİF oğlu

Mehdi Yusif oğlu Abbasov 1960-cı ilin yanvar ayının 1-də Qərbi Azərbaycanda, Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. 1966-cı ildə Yeniyol kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. Didərginlik Mehdinin hələ uşaqlıq taleyinə yazılmışdı. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib uzaq Qazaxıstana üz tutanda Mehdinin on altı yaşı vardı. O, valideynləri ilə birlikdə Qazaxıstan Respublikası Tülkübas rayonunun Kulan kəndinə gəlir. Bir müddət kənddəki Kuybışev adına sovxozda traktorçu işləyir. 1980-ci ildə sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə verir. Bir ildən sonra isə Karaqanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə ibtidai-hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnir. Onu təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki Qaqarin adına məktəbə göndərirlər.

Mehdi idmanla məşğul olmağı çox sevirdi. O, klassik güləş üzrə "SSRİ idman ustası" adı almışdır. Mehdi 1989-cu ilin noyabr ayında Daxili İşlər orqanlarında işləməyə göndərilir. 1989-90-cı illərdə SSRİ DİN-nin Stavropol Ali Kurslarının müdavimi olur, sonra Enbəyşin rayonunda sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir.

Azərbaycanın başı üstünü qara buludlar alanda Mehdi qəti qərara gəlmişdi ki, Azərbaycana gəlib xidmətini Qarabağda davam etdirsin.   Mehdi 1991-ci il iyun aynın 28-də Azərbaycan Respublikası DİN-nin sərəncamına göndərilir və bir aydan sonra baş leytenant rütbəsində rota komandiri kimi XTMD-də xidmətə başlayır.

O, ilk günlərdən qaynar bölgələrə getmək, döyüşlərdə iştirak etmək istəyirdi və tezliklə də arzusuna çatdı. Onun sorağı bütün cəbhə boyu ən müxtəlif yerlərdən gəlirdi. Ağdam, Goranboy, Füzuli rayonlarında keçirilən döyüş əməliyyatlarında şücaət göstərmiş, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurmuşdu.

1991-ci ilin sentyabr ayı idi. Mehdi öz dəstəsi ilə Goranboy rayonu ərazisində vertalyotla növbəti əməliyyatdan qayıdırdı. Bu vaxt ermənilər onları güclü atəşə tutdular. Pilot başqa çıxış yolu görmədiyi üçün vertalyotu düşmən əhatəsində yerə endirdi. Erməni quldurları heç bir təhlükə hiss etmədən irəliləyirdi. Cəsur komandir düşmən lap yaxınlaşanda məqam tapıb quldurların arxasına keçdi və avtomatdan fasiləsiz atəş açdı. Arxadan köməyə gələn ermənilər çatana kimi çoxlu sayda erməni faşisti yerə sərildi və bununla da Mehdi öz dəstəsini təhlükədən xilas etdi.

Mehdi döyüşlərdə göstərdiyi şücaətə görə 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdü. Onun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Füzuli rayonunun Daqğlıq Qarabağla sərhədində, strateji əhəmiyyətli yüksəklikdə yerləşən erməni kəndi Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi. Mehdi həmişə olduğu kimi yenə də ön xətdə vuruşurdu. Bu ölüm- dirim mübarizəsində snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu onu çox çətinliklə təhlükəli zonadan çıxarsa da həmin gün o, əbədi olaraq gözlərini yumdu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

M.Abbasov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə Qəhrəmanın adı verilmişdir