Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ASLANOV ŞİKAR DAVUD oğlu

Şikar Davud oğlu Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1977-ci ildə Süleymanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirmişdir.

1988-ci ildə Sovet Ordusu sıralarına çağırılan Şikar 1990-cı ildə ordudan təxris olunur və doğma kəndinə dönür. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində Post-patrul bölməsinə xidmətə qəbul olunur.

Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olur. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində o, öz PDM-ı (piyadaların döyüş maşını) ilə düşmənin bir neçə atəş nöqtəsini susdurur. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar həmişə komandirləri tərəfindən fərqləndirilmişdir.

Şikar təkbaşına kəşfiyyata getməyə üstünlük verir, hər dəfə də dəqiq məlumatla geri dönürdü.

1992-ci ilin iyul ayının 2-də "Şayaq" əməliyyatı başlayır. Cəsur polis işçisi Şikar Aslanovun şərəfli döyüş yolunun son günü oldu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu gözlərini əbədi olaraq yumur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Aslanov Şikar Davud oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Subay idi.

Ş.Aslanov doğulduğu Cəbrayıl rayonu, Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi Qəhrəmanın adını daşıyır.