Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

EYVAZOV QORXMAZ ABIŞ oğlu

Qorxmaz Abış oğlu Eyvazov 1967-ci ilin aprel ayının 1-də Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə burada birinci sinifə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək, Laçın rayonundakı 127 saylı texniki-peşə məktəbinə daxil olmuşdur.

1985-ci ildə Q.Eyvazov Sovet Ordusu sıralarına çağırılmışdır. Ukraynada hərbi xidmətdə olarkən 6 aylıq serjantlıq kursunu bitirmişdir. O, xidmət müddətində Fəxri Fərmanlarla yanaşı, birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə də təltif edilmişdir.

Qorxmaz 1987-ci ildə əsgəri xidmətini başa vurub doğma yurda dönür.

O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur.

1992-ci ilin mart ayında Q.Eyvazov Laçın Rayon Polis Şöbəsində işə qəbul edilir.

Sıravi polis işçisi Q. Eyvazovun döyüş yolu öz doğma yurdundan Qazdərəsi, Suarası, Mazutlu kəndlərinə kimi uzanır. Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir.

1992-ci ilin avqust ayının 4-də erməni quldurları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçirlər. Cəsur döyüşçü bu vuruşda qolundan güllə yarası alır. O, sağalan kimi, yenidən döyüşə atılır. Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər.

1994-cü ilin fevral ayının 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Qorxmaz döyüş zamanı düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə özü də qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb.

Q.Eyvazov Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Laçın rayonunun Güləbird kənd xəstəxanası Qəhrəmanın adını daşıyır.