Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ƏLİYEV VASİLİ ƏHMƏD oğlu

Vasili Əhməd oğlu Əliyev 1959-cu ilin yanvar ayının 15-də Qubadlı rayonunda doğulmuşdur. 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur.

1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır. Daxili Qoşunlarda xidmət etməsi Vasilinin polisə həvəsini daha da artırır. Ordudan təxris olunduq­dan sonra onu mühafizə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. V.Əliyev nümunəvi işçi kimi hamının hörmətini qazanmışdı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu "Polis əlaçısı" döş nişanı ilə təltif etmişdi.

1988-ci ildən başlayaraq V.Əliyev tez-tez döyüş bölgələrində olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq onun şöhrətini hər yana yaydı. V.Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.

1992-ci ilin oktyabr ayının 19-da hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bü Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı Fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı var.

V.Əliyev Qubadlı rayonunda, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi Qəhrəmanın adını daşıyır.