Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

ƏLİYEV YUSİF ƏLİYUSİF oğlu

Yusif Əliyusif oğlu Əliyev 1969-cu ilin dekabr ayının 2-də Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirdikdən sonra Qobustan Avtomobil Nəqliyyatı İdarəsində əmək fəaliyyətinə başlamışdır.

1988-ci ildə Y.Əliyev Sovet Ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. 1990-cı ildə ordudan təxris olunaraq Bakıya qayıdır.

Yusif boylu-buxunlu, cəsarətli, qorxubilməz bir cavan olduğundan 1990-cı il avqust ayının 23-də Daxili İşlər Nazirliyinə işə düzəlmək üçün müraciət edir. Onun arzusunu yerinə yetirirlər.

Polis əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edirdilər.

Y.Əliyevin əmrini Post-patrul xidməti alayının 3-cü rotasına vermişdilər. Az müddət ərzində o, iş yoldaşlarının sevimlisinə çevrilmişdi.

1991-ci ilin fevral ayında Y.Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq tez-tez basqınlar edir, yolları kəsirdilər. Fevralın 24-də səhər sübhdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçmişdi. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqelərini qoruyub saxlamağa çalışmaqla yanaşı düşməni planlı şəkildə yaxma buraxır və müxtəlif səmtlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı tükənmək üzrə idi. Bunu görən Y.Əliyev 14 nəfərdən ibarət bir qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan çaş-baş qalan ermənilər pərən-pərən düşdülər.

1991-ci il sentyabr ayının 14-də erməni faşistləri bu dəfə də Buzluq kəndinə hücuma keçmişdilər. Ölüm-dirim savaşına girən dəstədən xəbər gəlir ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa müvəffəq olur. Lakin bu, onun həyatı bahasına başa gəlir.

Ailəli idi. Bir oğlu yadıgar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Y.Əliyev Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Qobustan qəsəbsindəki 195 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Məktəbdə Y.Əliyevin büstü qoyulmuşdur.