Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları topçu Vüsalla görüşüblər

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan Vətən müharibəsi bizə həm də doğma torpaqlarımız uğrunda hər an canından belə keçməyə hazır olan yeni-yeni gənc, igid döyüşçülərimizi tanıtdı. Bu yolda şəhid olanların xatirəsi dillərdə dastana çevrildi, qazilərimizin hünəri dillərdə dolaşır. Hələ döyüşlərin şiddətli vaxtında hər atəşdə mənfur düşmənin başına od ələyən Vüsal Şahkərimovun atəşdən dərhal sonra, necə deyərlər, lülədən qopan alov sönməmiş çəkilən şəkli onu “Topçu Vüsal” kimi medianın gündəmində çox populyarlaşdırdı. Nələr demirdi bu şəkil bizə?! Döyüşçülərimizin hünəri, cəsarəti elə bil ümumiləşmişdi bu bir anda, gənc döyüşçü qürurundan dağ kimi görünürdü. Elə düşməni də lərzəyə salan ordumuzdakı hər əsgərin belə ruh yüksəkliyi, qəddini-qamətini dik tutması, düşmənə meydan oxuması idi...

Düşmənə tuşlanmış sonuncu mərmisini atmasından 5 aydan artıq vaxt keçir. Vüsalın bu günlərdə doğulub, boya-başa çatdığı Xaçmaz rayonunun Qusarçay kəndinə, evinə məzuniyyətə gəldiyini eşidib bilənlər döyüşçülərimizə, qazilərimizə hörmət və ehtiramın ifadəsi olaraq onu görməyə gəlirlər.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları da igidimizlə görüşmək üçün onun yaşadığı ünvana gediblər.
İgid topçu ilə görüşən RPŞ-nin rəis müavini Vüqar Orucov və şöbənin əməkdaşı Ülfan Əhmədov 30 ilə yaxın işğalda olan torpaqlarımızın cəsur oğullarımızın canı-qanı bahasına azad edildiyini qeyd edərək, müharibə zamanı Silahlı Qüvvələrimizin, qorxmaz döyüşçülərimizin göstərdikləri hünəri xalqımızın qəhrəmanlıq tarixinin mühüm səhifəsi kimi dəyərləndirib, qələbənin əldə olunmasında xidmətləri olan hər bir hərbi qulluqçunun fədakarlıqlarının daim xatırlanacağını bildiriblər.