Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Martın 31-də Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daxili işlər orqanlarında xidmət edən gənc əməkdaşların iştirak etdiyi tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev qeyd edib ki, daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu deyən nazir müavini vurğulayıb ki, onlar ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyətilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. Nazir müavini bu qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin qısa fasilələrlə dəfələrlə təkrarlandığını, nəticədə yüz minlərlə insanın həyatına son qoyulduğunu, genosid barədə real faktların uzun müddət təhrif olunduğunu, gizlədildiyini və əsl həqiqətlərin tarixi ədəbiyyatda öz əksini tapmadığını təəssüflə xatırladıb.

Bildirilib ki, erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soydaşlarımızın soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətlləri ermənilərin Qafqazda məskunlaşması üçün açar rolunu oynayıb. Polis general-leytenantı İsmət Əliyev xüsusi qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.

Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi həmin fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da proqram sənədidir. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edilib. İştirakçıların diqqətinə çatdırılıb ki, həmin fərmanın imzalanmasından sonra hər il nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 1828–1829-cu illərin Rusiya–Türkiyə müharibəsi nəticəsində imzalanmış Ədirnə müqaviləsinin 13-cü maddəsinə əsasən, 1831-ci ilin aprel ayınadək Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bəyaziddən və Osmanlı imperiyasının digər yaşayış məntəqələrindən 100 minədək erməninin Azərbaycan torpaqlarında yerləşdirildiyini, ümumən XX əsrin əvvəllərinədək İrandan və Türkiyədən Şimali Azərbaycan ərazisinə 1 milyondan çox erməni köçürüldüyünü, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətinin indiyədək davam etdiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini diqqətə çatdırıb.

Məruzədə xüsusən ötən əsrin əvvəllərindən başlayaraq imperiya qüvvələrinin, imperialist dairələrin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyi, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyi, eyni zamanda, türk hərbçilərinin qardaşlıq yardımı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğu qeyd olunub.