Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir

Martın 30-da Daxili İşlər Nazirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilmişdir. Gənc əməkdaşların iştirak etdiyi tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov qeyd etmişdir ki, erməni millətçilərinin Qafqazda törətdikləri kütləvi qırğınlar və soyqırımı siyasəti onların, nəyin bahasına olursa-olsun, Azərbaycan torpaqlarında məskunlaşmaq və aborigen xalq olduqlarını təsdiqləmək istəklərinə əsaslanıb. Bu mənfur niyyəti reallaşdırmanın yolu isə soydaşlarımızın soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçib. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli qırğınlar, həmvətənlərimizin kütləvi şəkildə, amansızlıqla qətlləri ermənilərin Qafqazda məskunlaşması üçün açar rolunu oynamışdır.
Sonra nazir müavininin təklifi ilə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra polis general-leytenantı O.Zalov çıxışında qeyd etmişdir ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da mühüm sənəddir, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmaması üçün ulu öndərin müəyyən etdiyi proqramdır.
Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə ötən il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalamışdır.
Erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi olduğunu qeyd edən nazir müavini Oruc Zalov vurğulamışdır ki, onlar ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyətilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçirmişlər. Anım mərasimində işttirak edən Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov erməni millətçilərinin və onların havadarlarının törətdikləri soyqırımı siyasətinin çağdaş tarixmizdə də davam etdirildiyini, nəticədə yüz minlərlə insanın qətlə yetirildiyini, bu barədə real faktların, əsl tarixi gerçəkliklərin keçmiş sovet hakimiyyəti dönəmində uzun müddət təhrif olunduğunu, gizlədildiyini diqqətə çatdırmışdır.
A.İsgəndərov, ötən əsrin əvvəllərindən başlayaraq, imperiya qüvvələrinin birbaşa dəstəyi və təşkilatçılığı ilə bolşevik libasına bürünmüş erməni millətçiləri və daşnak silahlı birləşmələri tərəfindən nəinki Bakıda, həmçinin ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların sistemli və məqsədyönlü şəkildə, kütləvi surətdə məhv edildiyini, həmin qanlı hadisələrin çox geniş coğrafiyanı əhatə etdiyini qeyd edərək, Qafqaz İslam Ordusunun qəhrəmanlığı sayəsində bu kütləvi qırğınlara, soyqırımına son qoyulduğunu vurğulamışdır.