Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

Polisim mənim

Nə üçün bizə- Azərbaycan Polisinə çamur atanlara verilən cavabları formal təsir bağışlamasın deyə rəsmi ton, ümumi söz çərçivəsindən kənara çıxara bilmirik...? Nə vaxtdır ki, içimdən gələn bu sual rahatlığımı pozub. Əslində, vacib dövlət qurumlarından biri olan polis təşkilatının bu gün əksər dünya ölkələrinin təcrübəsində qeydə alınan və qəbul edilən ictimaiyyətlə münasibət taktikası elə bu cürdür. Çamur atanların hədəfi bəllidir: Azərbaycan gəncliyi.
Elə mən də üzümü yenidən müstəqilliyimizə qovuşmaq üçün tankların üstünə əliyalın, dillərində azadlıq şüarı gedən, xalqımızın tarixində, eləcə də yaddaşında ölümsüzlük qazanan, yaşı müstəqilliyimizdən böyük olan o mübariz gəncliyin davamçılarına tuturam. Onlara xatırlatmaq istəyirəm ki, ötən əsrin sonlarında, müstəqilliyimizin ilk illərində istifadəsində az-çox silah-sursatı olan yeganə nizami qurum kimi qəsbkarların qabağına çıxaraq, torpağımıza, yurdumuza uzanan xain əlləri kəsən, qıcanan dişləri qıran Azərbaycan polisi, milli polisimiz və daxili qoşunların hərbi qulluqçuları idi...
Vətənimizin müdafiəsində şəhidlik zirvəsini ilk dəfə fəth edənlərin də, igidlik, ərənlik məktəbini yaradanların da, Azərbaycanın ilk Milli Qəhrəmanı adına layiq görülənlərin də polis olduğunu əksəriyyət yaxşı bilir.
Əziz gənclər, bunları daha dərindən bilmək, polis adına ləkə yaxanlara tutarlı cavab vermək üçün ata-analarınızdan, baba-nənələrinizdən soruşun, rəsmi qaynaqlara, həmin dövrün mətbuatına baxın, internet mənbələrini, tarixi faktları arayın, araşdırın və təhlil edin. Yaxşı olardı ki, rayon qəzetlərinə də nəzər salıb, sadə insanların dilindən yazılanları da oxuyun. Həm də imkan tapıb, Ağdamın, Xocalının, Laçının, Şuşanın, Kəlbəcərin və digər əsir rayonlarımızın köçkün düşmüş camaatı ilə söhbətləşib, paytaxtdakı başbilənlərimizin başı var-dövlət yığmağa, kürsü davasına qarışan zaman Vətənimizin və vətəndaşımızın müdafiəsinə qatılmış polisin öz qanı və canı hesabına insanları, həm də insanlığı qoruduğuna qulaq şahidliyi edəsiniz, müstəqil Azərbaycan Polisinin ilk səhifələri şəhid qanı ilə yazılan şanlı tarixini öyrənəsiniz...,
Polisimizin cinayətkar ünsürləri, asayişimizi pozmağa cəhd edənləri zərərsizləşdirərkən, dövlətimizi və dövlətçiliyimizi təhdid və qəsdlərdən qoruyarkən canından və qanından keçməsini də xatırlatmaq istərdim... amma, bu yerdə haqlı olaraq, deyə bilərsiniz ki, bu onların vəzifəsidir... asayişi qorumaq, cinayətkarı tutmaq və s.
Belədirsə, onda, vəzifəsi sizin, bizim, hamımızın asayişini, əmin-amanlığını qorumaqdan, andı isə canını bu yolda fəda etməkdən ibarət olan və bunu bütün dövrlərdə dönə-dönə sübut edən polisə çamur atmaq olarmı?
Bu nəyə lazımdır? Yox, sual düzgün olmadı. Bu kimə və ya kimlərə lazımdır?
Bu, ilk növbədə o kəslərə lazımdır ki, bulanıq suda hələ də balıq ovlamaq sevdası ilə yaşayırlar. Hansılar ki, polislə həmvətənləri arasında keçilməz sədd qurmaq, sadə insanlarımızın asayişini təhlükə altına atmaq, ölkədə vətəndaş itaətsizliyi yaratmaq, dövlətimizi parçalamaq niyyəti güdürlər. Başqa necə demək olar ki, bu gün özünü azad düşüncə carçısı, bloqer və s. adlandıranlar ağına-bozuna baxmadan polisin ünvanına hədyan deyir, onu gözdən salmağa çalışırlar.
Səbəbi... onun və onun kimilərinin icazəsiz yürüşlərinə, mitinqlərinə, toplantılarına polis “imkan” verməyib;
Qaydaları pozduğuna görə özünün, “yaxın qohumunun” avtomobilini polis saxlayıb tədbir görüb;
Bu günə qədər “siqaretin, içkinin dadını bilməyən, yaxud da toyuq başı kəsməyi belə bacarmayan” “qonşusunu” narkotik satdığına, digər bir cinayətinə görə polis “tutub” aparıb;
Xaricdəki sponsorlarına göstərməkdən ötrü 3-5 nəfərin boş şüarlarla küçədən keçmələrini lentə almağa polis “mane” olub.
Bu “səbəb”lərin sayını artırıb sərhədlərimizin hüdudlarından kənarda Azərbaycanı insan haqlarının boğulduğu ölkə kimi qələmə verənlər başa düşmək bir yana, anlamaq istəmirlər ki, polis, ilk növbədə, elə onların özlərinin təhlükəsizliyi üçün belə “mərasimlərdə” aparılan videoçəkilişlərin piar məqsədini başa düşüb, həm də öz nüfuzuna “kölgə salınacağını” gözü önünə alaraq qanuni şəkildə zəruri olan addımları atır. Axı, polisin amalı budur...canı, qanı və hətta, nüfuzu hesabına insanların təhlükəsizliyini təmin etmək.
Bir anlıq təsəvvür edin ki, polis küçə yürüşlərinə heç bir formada müdaxilə etmir. Sizcə, nələr yaşanar? Bütün küçəni əl-ələ tutub gələn “məsləkdaşlar” hədəf seçdikləri meydana daxil olarkən “görkəmli” yerləri tutmaqdan ötrü ən yaxşı halda söyüşlərlə müşayiət olunan saçyoldusuna çıxarlar.
Pisindən isə..., tanrı bizi qorusun!
Əziz gənclər, onu da bilin ki, polis qaydanı pozmayan sürücü barəsində nahaqdan tədbir görmür, heç bir cinayətdə əli olmayan həmvətənini əsassız həbs etmir. Əlbəttə, soruşa bilərsiniz ki, əgər nahaq yerə tədbir görülmürsə, yaxud əsassız yerə tutulan, həbs edilən yoxdursa, onda araşdırmalar nəticəsində təqsirin sübuta yetməməsi kimi hallar, bu motivasiya ilə cəza alanlar haradandır?!
Təbii ki, belə hallar da mövcuddur, onların da hamısının kökündə insan amili, peşəkar(sız)lığa, mənəvi-psixoloji hazır(sız)lığa söykənən subyektiv məqamlar dayanır. Bütöv bir sistemi, orqanı bunda günahkar bilmək hansı məntiqə, əxlaqa və mənəviyyata sığır?
Yeri gəlmişkən, qeydə alınan bəzi neqativ halları ortaya çıxaran da, bu barədə cəmiyyəti məlumatlandıran da elə polisin aidiyyəti qurumlarıdır. Polis qüdrətlənməkdə olan Azərbaycanımızın inkişafına, təhlükəsizliyimizə, dövlətimizə və dövlətçiliyimizə qarşı olan hər bir qanunsuzluğa, pozuculuğa, özbaşınalığa qarşıdır. Buna görə də alnı açıq, üzü ağdır və qazandığı nailiyyətlərlə yanaşı, nöqsanlarını da xalqdan gizlətməyə lüzum görmür…çünki, Polis bizim hamımızındır!

Elxan Mürsəlov,
polis poilkovnik-leytenantı,
Şəxsi Heyətlə İş İdarəsinin
şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı şöbəsinin rəisi.