Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — ƏHMƏDOV NATİQ İLYAS oğlu

Natiq İlyas oğlu Əhmədov 1969-cu ilin sentyabr ayının 1-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı.

1976-cı ildə Natiq Novruzlu kənd məktəbinin 1-ci sinfinə daxil oldu və 1986-cı ildə orta məktəbi bitirdi.

Orta məktəbi bitirib Sovet Ordusu sıralarına çağrıldı. Kalininqrad şəhəri artilleriya üzrə hərbi hissədə xidmət etdi. Natiq 1988-ci ildə ordudan təxris olundu. Bir müddət Kalininqradda qalıb işlədi. Nəhayət, Ağdama qayıdıb, Novruzlu kəndində üzümçülük kolxozunda çalışdı.

N.Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlif idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə yüksək nəticələr əldə etməklə qorumuşdu.

Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini - karateni öyrənmişdi.

N.Əhmədov ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində Yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş- gəliş son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.

N.Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi. Neçə dəfə ermənilərlə əlbəyaxa da olmuşdu.

1991-ci ilin sentyabr ayının 26-da N.Əhmədov xidməti yoldaşı Əli ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əhmədov Natiq İlyas oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

N.Əhmədov Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.