Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — FƏRZƏLİYEV PƏHLİVAN ƏHLİMAN oğlu

Pəhlivan Əhliman oğlu Fərzəliyev 1958-ci ilin sentyabrın 27-də Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi bitirdikdən sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1978-ci ildə zootexnik kimi Füzuli rayonunda əmək fəaliyyətinə başlayır. O, texnikumda oxuduğu illərdə idmanın sərbəst güləş növü ilə məşğul olurdu. Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdı.

1979-cu ildə P.Fərzəliyev Sovet Ordusu sıralarına çağırılır. Hərbi xidmətdən tərxis olunduqdan sonra isə Qazaxıstanın Aktyubinsk şəhərinə gedir və orada daxili işlər orqanlarında xidmətə qəbul olunur. Təhsilini davam etdirməyi də unutmur. Sənədlərini Orenburq Politexnik Universitetinə verir. 1986-cı ildə universitetin avtomobil nəqliyyatı fakültəsini bitirir, 4 il Aktyubinsk şəhər Daxili İşlər orqanlarında çalışır. 1990-cı ildə baş leytenant rütbəsində Vətənə dönür. Onu Füzuli rayon Daxili İşlər Şöbəsində növbətçi inspektor vəzifəsinə təyin edirlər. 1991-ci ildə isə Füzuli rayonu Daxili İşlər Şöbəsində Post-patrul rotası yaradılır, P.Fərzəliyev həmin rotanın üçüncü taqımına komandir təyin edilir. Yaxşı xidmətinə görə ona ikinci bir vəzifə - BTR-in ekipaj komandiri vəzifəsi etibar edilir. Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında o, taqımı ilə birgə mərdliklə döyüşürdü. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir qrup erməni yaraqlısı və bir BTR məhv edilmişdi.

1992-ci ilin aprel ayının 11-də çox böyük sayda erməni yaraqlıları ilə taqım komandiri P.Fərzəliyevin son döyüşü oldu. Qacar kəndi uğrunda gedən ağır döyüşldə baş leytenant P.Fərzəliyev qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Evli idi. Xaliq, Mobil adlı iki oğlu, Gülşən adlı bir qızı yadigar qalıb.

P.Fərzəliyev Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhəri, Nizami rayounundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.