Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — HACIYEV ƏLİF LƏTİF oğlu

Əlif Lətif oğlu Hacıyev 1953-cü ilin iyun ayının 24-də Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir.

1971-ci ildə Ə.Hacıyev ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan təxris olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-84-cü illərdə Ə.Hacıyev Belorusiya DİN-nin və Azərbaycan SSR DQMY-nin Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir.

1976-cı ildə Ə.Hacıyev SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. O, 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli erməni millətçi mərkəzini ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etdirmişdilər. 1987-ci ildə Ə.Hacıyevin işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. Sonra o, bəraət almış, azadlığa buraxılmışdı.

1990-cı ildə Ə.Hacıyev Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında Daxili İşlər orqanlarına yenidən bərpa olunur və Xocalı Təyyarə limanı Xətt Daxili İşlər bölməsinə rəis təyin edilir. Eyni zamanda o, Xocalı Aeroportunun komendantı olur. Yaxşı işinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Qarabağ cəngavəri Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, onlar üçün ağır zərbə idi. Bunun əvəzini çıxmaq üçün düşmən -"Xocalının alınması əməliyyatı"na başladı. Qədim Xocalının başı üzərində real təhlükə yaranmışdı. Bunu çoxları kimi Ə.Hacıyev də görürdü. O, tədbir görülməsi üçün hər gün, hər saat Bakını xəbərdar edirdi. Əvəzində bəzi məmurların yalançı vədlərini eşidirdi. Faciə 1992-ci ilin fevral ayının 25-dən başladı. Həmin gün Xocalı camaatı kəndi tərk etmək haqda ermənilər tərəfindən edilən son xəbərdarlığı da qəbul etməyib, səbirsizliklə paytaxtdan kömək gözlədi.

Əlif və onun dəstəsi səhər saat beşə qədər azğınlaşmış rus hərbiçiləri və erməni yaraqlıları ilə vuruşdular. Döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, bu qanlı döyüşdə misilsiz qəhrəmanlıqlar göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxardı. Əlif bir daha geriyə dönərək, yenidən döyüşə atıldı. Düşmən nə qədər güclü olsa da Əlif təslim olmur, əsl cəngavər kimi vuruşur, dinc əhalinin təhlükəsiz yerə çıxarmaqdan ötrü misilsiz qəhrəmanlıqlar göstərirdi. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Qarabağ cəngavərinin qəlbinə sancıldı. Vətənini, torpağını canından əziz bilən Əlif Qarabağ torpağında - Xocalı faciəsi zamanı şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki qız övladı var.

Ə.Hacıyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhərinin Nizami rayonundakı küçələrdən biri Qəhrəmanın adını daşıyır.