Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — HƏSƏNOV TABİL QASIM oğlu

Tabil Qasım oğlu Həsənov 1960-cı il iyul ayının 4-də Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir.

1980-ci ildə T.Həsənov hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə Qazaxıstan Respublikasında ordu sıralarından təxris olunan Tabil doğma kəndinə qayıdaraq, elə həmin ildən Kosalar kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlamışdır.

Ermənilər torpaqlarımıza təcavüzə başlayan gündən o, qeyrətli kənd gənclərini başına toplayaraq, özünümüdafiə dəstəsi yaratmışdı.

1991-ci il dekabr ayının 15-də ermənilər dörd tərəfdən Cəmilli kəndinə qəfil hücuma keçmişdilər. Hər şeydən əli üzülmüş kənd camaatı ümidlə kömək gözləyirdi. Elə bu an Tabil öz dəstəsi ilə əks hücuma keçdi. Düşmən çaşbaş qalaraq geri çəkilməyə məcbur oldu. Tabilin cəsarəti sayəsində kənd mühasirədən azad edildi. Bu döyüşdən sonra el arasında ona "Qırxqız qartalı" deyirdilər.

Ermənilərin ikinci hədəf nöqtəsi Meşəli kəndi idi. Cəmillidə ağır zərbə almış erməni yaraqlıları bu kənddə qırğın törətməyə çalışırdı. Bundan xəbər tutan "Qırxqız qartalı" Tabil Kosalardan Meşəli kəndinə doğru irəlilədi. Döyüş bütün gecəni və gündüzü davam etdi. O, öz dəstəsi ilə döyüşə atılaraq kəndi düşməndən azad etdi. T.Həsənovun son döyüşü Kosalarla Xankəndi arasında yerləşən Ağdaş yüksəkliyində oldu. 1992-ci ilin mart ayının 29-da ermənilər Daşaşıran istiqamətindən Kosalara yenə hücum etdilər. Bu ağır döyüşdə 53 erməni yaraqlısı məhv edildi. Onlardan 12-ni şəxsən Tabil cəhənnəmə vasil etmişdi. Ancaq heyflər olsun ki, Tabil özü bu döyüşdə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Həsənov Tabil Qasım oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

T.Həsənov Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.