Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — HÜSEYNOV VÜQAR TOFİQ oğlu

Vüqar Tofiq oğlu Hüseynov 1969-cu ilin iyun ayının 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır. 1976-cı ildə burada məktəbə getmiş və 1986-cı ildə onuncu sinfi bitirmişdir. Sonra Bakıda 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir.

1987-ci ildə V.Hüseynov hərbi xidmətə çağırılmışdır. O, Daxili Qoşunlarda xidmət etmişdir. Hərbi xidmət dövründə çavuş rütbəsi almışdır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq, Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdır.

V.Hüseynov erməni qəsbkarlarının törətdikləri vəhşiliklərə dözə bilmirdi. Ona görə də, 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazıldı. Xocalıda, Çay kənddə rəşadətlə vuruşdu, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.

1991-ci ilin iyul ayının 20-də ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. V.Hüseynov az sayda döyüş yoldaşları ilə birlikdə sinəsini sipər elədi, erməni yaraqlıların qarşısını kəsdi. Bu amansız ölüm-dirim vuruşunun sonunda ermənilər geri çəkilməyə məcbur oldu. Bu döyüşdə V.Hüseynov qəhrəmancasına şəhid oldu.

SSRİ rəhbərliyi tərəfindən ölümündən sonra V.Hüseynov "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Subay idi.

V.Hüseynov doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir.

Oxuduğu kənd orta məktəbi Qəhrəmanın adını daşıyır.