Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — İSMAYILOV İLQAR SƏDİ oğlu

İlqar Sədi oğlu İsmayılov 1959-cu ilin mart ayının 29-da Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1981-ci ildə ali məktəbi bitirmişdir. O, cüdo üzrə idman ustası idi.

1981-ci ildə İ.İsmayılov Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı Ordu İdman Klubunda xidmət etmişdir. 1983-cü ildə ordudan tərxis olunmuş və 1986-cı ilə qədər "Dinamo" İdman Klubunda məşqçi işləmişdir. Sonra İ.İsmayılov leytenant rütbəsi ilə Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Burada kapitan rütbəsinə kimi yüksəlmişdir.

1991-ci ilin dekabrından başlayaraq İ.İsmayılov tez-tez döyüş bölgələrinə ezam olunur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak edirdi. Məhz onun qəhrəmanlığı və şücaəti sayəsində ermənilər tərəfində vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülmüşdü. İlqar İsmayılov Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük igidliklər göstərmişdi. 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunmuşdu. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləmişdi. İgid komandir İlqar İsmayılov 1992-ci ilin oktyabr ayının 1-də gedən amansız döyüşdə ermənilərin çoxlu sayda canlı qüvvəsini məhv etmiş və özü də qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı Fərmanı ilə polis kapitanı İsmayılov İlqar Sədi oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb.

İ.İsmayılov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhərinin küçələrindən biri Qəhrəmanın adını daşıyır. 45 saylı orta məktəbin önündə İ.İsmayılovun büstü qoyulmuşdur.