Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — İSMAYILOV İNQİLAB ƏLƏKBƏR oğlu

İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci ilin fevral ayının 24-də Qarabağın dilbər guşəsi olan Xocalıda anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir.

1981-ci ildə İ.İsmayılov ordu sıralarına çağırılmış və Daxili Qoşunlarda xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. O, 1984-cü ildə doğma Xocalıya qayıdıb və sovxozda traktorçu işləyib.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni quldurları azərbaycanlılara qarşı tez-tez təxribatlar törədir, hər vəchlə onları yurd-yuvalarından sıxışdırıb çıxarmağa çalışırdılar. Gənclər gecə-gündüz Xocalının keşiyini çəkirdilər. İnqilab da onların sırasında idi. 1990-cı ildə İ.İsmayılov Xocalı Polis Şöbəsində işə düzəlir. Bu vaxtlar erməni hücumlarının ardı-arası kəsilmirdi. Hər gün ermənilər şəhərə raket zərbəsi endirirdilər. Partlayışlar nəticəsində evlər dağılır, ailələr faciəli surətdə həlak olurdular. Vəziyyət get-gedə gərginləşirdi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Uşaqları, qadınları və qocaları buradan çıxarmaq lazım idi. İnqilab bu işdə camaata öz köməyini əsirgəmirdi.

1992-ci il fevral aynın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurları ilə SSRİ-nin 366-cı motoatıcı alayı birləşərək tarixdə misli görünməmiş soyqırım törətdilər. İnqilab yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxara bilmişdi. İ.İsmayılov ailəsini Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə döndü. Fəaliyyətini isə Ağdam rayon Polis Şöbəsinin Post-patrul xidməti alayında davam etdirməli oldu. İ.İsmayılovun xidmət etdiyi Post-patrul alayı Daşbaşı yüksəkliyini göz bəbəyi kimi qoruyurdu. Erməni silahlı birləşmələri bu yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücuma keçir, lakin ağır itki verərək geri çəkilirdi.

Düşmən 1992-ci ilin iyun ayının 12-də böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə yenidən hücum etdi. Cəsur döyüşçülər bu dəfə də hücumun qarşısını məharətlə aldılar və erməni yaraqlılarının 6 postunu sıradan çıxardılar. İnqilab bu döyüşdə qələbəni öz qanıyla yazdı. Cəbhə dostları nə qədər cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilmədilər.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı " adı verilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Bakının Xətai rayonundakı küçələrdən biri Qəhrəmanın adını daşıyır. Həmin küçədə İ.İsmayılovun Xatirə lövhəsi vurulub.