Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — MƏMMƏDOV SƏFƏRALI QURBAN oğlu

Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirmişdir.

1981-ci il S.Məmmədov hərbi xidmətə çağırılmışdır. S.Məmmədov iki il Minsk şəhərində qulluq etdikdən sonra, 1983-cü ildə ordudan təxris olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad­-san qazanır. Təsadüfi deyil ki o, xidmətinin ilk ilində iki dəfə mükafatlandırılır.

1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq, onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərirlər.

1990-cı ildə S.Məmmədov həmin məktəbi müvəffəqiyyətlə bitirərək, leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün vətənə qayıdır. S.Məmmədov Bakı aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar döyüş nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDİŞ-ndə post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov, ilk gündən döyüş meydanına atılır. Səfəralım əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı. S.Məmmədov Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.

1992-ci ilin fevral aynın 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə, Səfəralım başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna (ölümündən sonra)  "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

S.Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn edilmişdir.

Masallı şəhərindəki küçələrdən biri və vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi Qəhrəmanın adını daşıyır.