Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — MƏMMƏDOV NİZAMİ MURAD oğlu

Nizami Murad oğlu Məmmədov 1958-ci ilin yanvar ayının 12-də Xankəndi şəhərində dünyaya göz açmışdır. Nizami Gəncəvi adına 4 saylı şəhər orta məktəbini bitirib.

1975-77-ci illərdə N.Məmmədov İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. Sonra Xankəndi şəhər Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək Kombinatında çalışmışdır. O, Daxili İşlər Orqanlarında işləmək arzusu ilə yaşayırdı. Bu arzu onu Bakı Xüsusi Orta Milis Məktəbinə gətirdi. Təhsilini başa vurub Xankəndi şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başladı.

1988-ci ilin əvvəllərində erməni quldurları get-gedə hədlərini aşırdılar. Fevral ayının 18-də şəhərin azərbaycanlılar yaşayan küçələrinə basqın edildi. Nizami bu məhəllədən o məhəlləyə keçir, camaata kömək etməyə, nahaq hücumlardan qorumağa çalışırdı.

1989-cu ildə hadisələr getdikcə daha da kəskinləşirdi. O, təzyiqlərə dözə bilməyərək, Şuşa şəhərinə köçməyə məcbur olur və öz işini Şuşa Rayon Polis Şöbəsində davam etdirir. Nizami gecə-gündüz bilmirdi. İşdən sonra Kərkicahan, Qaybalı kəndlərinə gedir, özünümüdafiə dəstələrinə vaxtında silah-sursat çatdırılmasına kömək göstərirdi.

Şuşanın, demək olar ki, başqa bölgələrlə əlaqəsi kəsilmişdi. Hər qarış torpaq uğrunda mübarizə gedirdi. Nizami də bu mübarizənin ön cərgəsində idi. O, Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə vuruşaraq, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə böyük ad-san qazanmışdı.

1992-ci il mart ayının 29-da Kosalar kəndi uğrunda gedən döyüşdə N.Məmmədov erməni yaraqlılarına qarşı  mərdliklə vuruşub çoxlu sayda erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Məmmədov Nizami Murad oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı " adı verilmişdir.

Evli idi. Üç oğlu yadigar qalıb.

N.Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilmişdir.