Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — MEHDİYEV FAZİL UMUD oğlu

Fazil Umud oğlu Mehdiyev 1966-cı ilin avqust ayının 20-də Laçın rayonunun Ələçi kəndində doğulmuşdur. O. körpə olarkən, ailəsi Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdür. Fazil 1973-cü ildə məktəbə bu kənddə qədəm qoymuşdur. 1983-cü ildə orta təhsilini başa vurmuşdur.

1984-86-cı illərdə F.Mehdiyev hərbi xidmətdə olmuşdur.

Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıtmışdır. Bir müddət burada qaldıqdan sonra işləmək üçün Rusiyaya gedir. Orada çox qalmır. Vətən onu çəkir. Qayıdandan sonra sürücülük peşəsinə yiyələnir.

F.Mehdiyev Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.

F.Mehdiyev bu hadisələr başlayan gündən əlinə silah götürdü. O,1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazıldı. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilməyə başladı.

1991-ci ildə F.Mehdiyev Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak etdi. Qaradağlı kəndində ayağından ağır yaralandı. Lakin bunu ailəsinə bildirmədi. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıtdı.

1991-ci ilin avqust ayında F.Mehdiyev ermənilərin "Niva" markalı bir maşınını ələ keçirib, Ağdam Rayon Polis Şöbəsinə təhvil vermişdir.

1991-ci ilin sentyabr ayının 23-dən 24-nə keçən gecə ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Kəndin əzgərlərimizin köməyinə böyük ehtiyac vardı. Fazil bu xəbəri eşitcək, dostu Salehlə maşına minib köməyə tələsdi. Ermənilər Ağdamdan gələn yola pusqu qurmuşdular. Fazil Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qaldı. Fazil bu qeyri-bərabər döyüşdə onlarla erməni faşistini məhv etsə də özü də qəhrəmancansma şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mehdiyev Fazil Umud oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

F.Mehdiyev Ağdam rayonunun "Qarağacı" qəbristanlığında dəfn edilmişdir.

Bakının Nəsimi rayonunda F.Mehdiyevin büstü qoyulmuşdur. Səbail rayonunda isə Qəhrəmanın adına küçə var.