Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — MÜRSƏLOV VÜQAR MİRƏZBƏR oğlu

Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü ilin mart ayının 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya göz açmışdır. 1980-ci ildə burada 1 saylı orta məktəbi bitirdikdən sonra 67 saylı Bakı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olmuşdur. Texnikumu əla qiymətlərlə başa vuraraq, Belorus Respublikasının Brest şəhərində hərbi xidmətə başlayır. Qvardiya baş çavuşu tankçı.

1984-cü ildə V.Mürsəlov ordudan təxris olunub, Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtisası üzrə əmək fəaliyyətinə başlayır.

1991-ci ildə V.Mürsəlov Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Keçdiyi döyüş yolunun xəritəsi belədir: Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə. Azərbaycanın hər qarış torpağı uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə atılan bu cəsur döyüşçü işğal ilə heç cür barışmırdı. Düşmənə qarşı rəşadətlə vuruşurdu. O, neçə dəfə döyüş yoldaşlarını ölümün pəncəsindən xilas etmişdi.

1992-ci ilin iyun ayının 9-da erməni faşistləri Tərtər rayonunun Cəmilli kəndi istiqamətindən hücuma keçmişdilər. Amansız döyüşdə V.Mürsəlov döyüş dostları ilə birlikdə ermənilərin qarşısını kəsdi. Onlarla erməni yaraqlısı məhv edildi. Lakin V.Mürsəlov özü də bu döyüşdə qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

V.Mürsəlov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Göytəpə şəhərində oxuduğu məktəbə Qəhrəmanın adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuşdur. Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində V.Mürsəlovun adına küçə vardır.