Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — NİFTƏLİYEV CƏMİL SƏMƏDXAN oğlu

Cəmil Səmədxan oğlu Niftəliyev 1968-ci ilin oktyabr ayının 5-də Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya göz açmışdır. 1975-ci ildə ailəsi Bakı şəhərinin Lökbatan qəsəbəsinə köçmüşdür. Orta təhsilini Qaradağ rayonunun 233 saylı Lökbatan qəsəbə orta məktəbində almışdır.

1986-cı il oktyabrın 11-də C.Niftəliyev hərbi xidmətə çağırılmışdır. Özbəkistanda dörd ay snayperlik kursunda hazırlıq keçdikdən sonra Əfqanıstana göndərilmişdir. Atıcı batalyo­nunda xidmət edirdi. Müharibənin nə qədər ağır, dözülməz və çətin olduğunu burada başa düşdü. Lakin bu barədə evlərinə bir kəlmə də olsun yazmırdı. Ağır döyüş əməliyyatlarının birində yaralandı. Bir neçə ay hospitalda müalicə olunduqdan sonra, yenidən hərbi hissəyə qayıtdı. Xidmət zamanı göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla təltif edildi. 27 oktyabr 1989-cu ildə ordudan təxris olundu. Cəmil Vətənə dönərək DİN-nin Səbail rayon Yanğından Mühafizə İdarəsində işləməyə başladı.

Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bir peşəkar hərbçi kimi Cəmil Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət edir. C.Niftəliyev 1992-ci ilin mart ayının 10-da torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün silah götürür. Cəbhədə ezamiyyət müddəti bitəndən sonra yenidən komandanlığa müraciət edərək döyüş bölgəsində qalmağa razılıq alır. C.Niftəliyev Ağdam döyüş bölgəsində vuruşur. Bütün döyüş əməliyyatlarda rəşadət göstərən cəsur döyüşçü 1992-ci ilin mart ayının 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə çoxlu erməni faşistini və hərbi texnikasını məhv edir və özü də qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Cəmil Səmədxan oğlu Niftəliyevə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

C.Niftəliyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vaxtilə oxuduğu 233 saylı orta məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi Qəhrəmanın adını daşıyır.