Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — SEYİDOV MƏHƏRRƏM MİRƏZİZ oğlu

Məhərrəm Mirəziz oğlu Seyidov 1952-ci ilin sentyabr ayının 7-də Şərur rayonunun Alışar kəndində doğulmuşdur. 1969-cu ildə buradakı N.Nərimanov adına orta məktəbi bitirmişdir.

Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlamışdır.

1980-ci ildə M.Seyidov Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır.

M.Seyidov Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.

Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu da digər rayonlar kimi erməni quldurları tərəfindən atəşə tutulurdu.

1990-cı ilin yanvar ayının 16-da erməni silahlı birləşmələri Kərki kəndində öz azğın əməllərinə başlamışdılar. Minlərlə erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onlar daha da azğınlaşaraq, Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Təhlükə barədə Şərur rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olanda, bir qrup polis əməkdaşı hadisə yerinə göndərildi. Məhərrəm Seyidov da bu sırada idi. Yanvarın 18-də Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi. Buna baxmayaraq, geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm döyüşə atıldı və güllə yağışı altında özünü Azərə yetirdi. İndi M.Seyidovun özü də düşmən əhatəsində qalmışdı. M.Seyidov çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxardı, lakin özü qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Kapitan Seyidov Məhərrəm Mirəziz oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Dörd övladı var.

M.Seyidov ölümündən sonra "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Şərur rayonda, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şərur şəhərində, M.Seyidovun adına küçə var, tuncdan büstü qoyulmuşdur. 2 saylı Şərur şəhər orta məktəbi Qəhrəmanın adını daşıyır.