Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — TAĞIZADƏ ELDAR ABDULLA oğlu

Eldar Abdulla oğlu Tağızadə 1963-cü ilin sentyabr ayının 6-da Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. 1970-80-ci illərdə Nəsimi rayonundakı 164 saylı orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuş və 1985-ci ildə biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Eldar polis orqanlarında işləməyi arzulayırdı. Hələ Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən Səbail Rayon DİŞ-nin cinayət-axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. Nəhayət, 1988-ci ildə arzusu həyata keçdi. O, Daxili İşlər Orqanlarına işə qəbul edildi.

1989-cu ildə E.Tağızadə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. Baş leytenant E.Tağızadə Səbail rayon DİŞ-də əməliyyat müvəkkili vəzifəsinə təsdiq olundu. Sonra DİN-nin millətlərarası münasibətlər şöbəsində daha məsul vəzifəyə irəli çəkildi.

E.Tağızadə işi ilə bağlı tez-tez döyüş bölgələrinə ezam olunur, ermənilər tərəfindən əsir götürülən əsgərlərimizin azad edilməsində, girovların dəyişdirilməsində yaxından iştirak edirdi. Vəzifəsinin öhdəsindən layiqincə gəldiyini nəzərə alaraq, 1991-ci ildə ona kapitan rütbəsi verilmişdi.

Bundan sonra o, DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini vəzifəsinə təyin edildi.

1992-ci ilin iyun ayının 3-də E.Tağızadə yenidən Qarabağa ezam olundu. E.Tağızadə "Şaka" ləqəbli təhlükəli qatili və onun dəstəsini zərərsizləşdirmək üçün əməliyyata rəhbərlik edirdi. Eldar öz dəstəsi ilə "Şaka"nın gizləndiyi evi müəyyən edərək mühasirəyə alır. Qatilə təslim olmaq təklif edilir. “Şaka” isə polis əməliyyatçılarına atəş açır. Eldar özünü təhlükə altına ataraq, əlverişli məqam seçib "Şaka"nın gizləndiyi binaya daxil olur. E.Tağızadənin silahsız olduğunu görən qatil namərdcəsinə gülləni Eldarın sinəsinə sıxır. Cəsur kapitan E.Tağızadə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı Fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı var.

E.Tağızadə Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təhsil aldığı 164 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə E.Tağızadənin adı verilmişdir.