Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — TEYMUROV RİZVAN RƏHMAN oğlu

Rizvan Rəhman oğlu Teymurov 1967-ci ilin iyun ayının 6-da Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulmuşdur. 1984-cü ildə doğma kəndində orta məktəbi bitirdikdən sonra bir il sovxozda işləmişdir.

1985-ci ildə R.Teymurov ordu sıralarına çağırılmış, əsgəri xidmətini Omsk şəhərində başa vurduqdan sonra Vətənə dönmüşdür. 1987-ci ildə R.Teymurov iş dalınca Rusiyanın Arxangelsk vilayətinə gedir. Lakin torpaq qeyrəti 1990-cı ildə onu yenidən Vətənə dönməyə vadar edir. R.Teymurov bir müddət doğma rayonunda iaşə xidməti sahəsində işləyir. Şuşa rayon DlŞ-nin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılanda R.Teymurov tərəddüd etmədən bu dəstəyə daxil olur. Qorxubilməz, cəsur döyüşçülərdən ibarət olan bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni yaraqlılarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərmişdir. R.Teymurov Qarabağ torpağını qarış-qarış gəzmişdi. O, Xankəndi, Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşmuşdur.

1991-ci ilin dekabr ayının 9-da gecə erməni yaraqlıları Xankəndi-Kərkicahan ətrafında qəflətən əsgərlərimiz üzərinə hücuma keçdilər. Bu döyüşdə R.Teymurov öz döyüş dostları ilə birlikdə çoxlu sayda erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Subay idi.

R.Teymurov Şuşa rayonu Quşçular kəndində dəfn edilmişdir.

Bakının Nizami rayonunda küçələrdən biri Qəhrəmanın adını daşıyır.