Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — QULİYEV MİRZƏ MƏCİD oğlu

Mirzə Məcid oğlu Quliyev 1974-cü ilin yanvar ayının 11-də Bərdə rayonunun Saatlı kəndində doğulmuşdur. 1980-ci ildə Saatlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Elə həmin il Mingəçevir şəhərindəki 39 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və qaynaqçı peşəsinə yiyələnmişdir.

1992-ci il avqust ayının 25-də M.Quliyev Bərdə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. O, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində PDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.

1993-cü il iyun ayının 28-dən M.Quliyev Ağdam bölgəsində döyüşmüşdür. Sonra Füzuli bölgəsinə göndərilmişdir. Mirzə Quliyev Füzuli, Tərtər və Ağdərə rayonları uğrunda gedən qanlı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərmiş, PDM-lə düşmənin bir neçə tankını və xeyli canlı qüvvəsini məhv etmişdir.

Respublika Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə, döyüşlərdə göstərdiyi rəşadəti nəzərə alınaraq "Hərbi xidmətə görə" medalı ilə təltif edilmişdir. Mirzə Quliyev dövlətçiliyimizin qorunmasında öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirdiyinə görə 15 yanvar 1995-ci ildə «İgidliyə görə» medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Quliyev Mirzə Məcid oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

M.Quliyev 1995-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuşdur. 1996-cı ilin oktyabr ayında çavuş rütbəsi ilə Milli Ordu sıralarından azad edilərək, Daxili İşlər Orqanlarına işə göndərilmişdir. 1997-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü il mart ayının 5-də Daxili İşlər Nazirliyinin əmri ilə ona leytenant rütbəsi verilmişdir. M.Quliyev polis polkovnik-leytenantı rütbəsinədək yüksəlmişdir.

Hazırda təqaüddədir.

Ailəlidir. Bir övladı var.