Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — ÇOBANOV ŞAMOY MƏHYƏDDİN oğlu

Şamoy Məhyəddin oğlu Çobanov 1965-ci ilin yanvar ayının 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Şamoy Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır.

1985-ci ildə Ş.Çobanov ordudan təxris olunaraq doğma yurdu Qazax şəhərinə dönür. Əvvəllər işlədiyi müəssisədə çilingər kimi işini davam etdirir.

1989-cu ildə Ş.Çobanov Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. Bu həmin vaxtlar idi ki, erməni yaraqlılarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları get-gedə güclənirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. Cəsur polis işçisi tez-tez erməni yaraqlıları ilə üzbəüz gəlirdi. O, erməni quldurlarına öz çirkin əməllərini həyata keçirməyə imkan vermirdi.

1990-cı ilin avqust aymın 19-da Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı "Qanlı dərə" deyilən yerdə erməni silahlıları gözlənilmədən avtobusa hücum etdilər. Şamoy cəld avtobusdan yerə atıldı. Qanlı döyüş başladı. Düşmən geri oturdulsa da, sərnişinlər arasında yaralananlar və ölənlər var idi.

Həmin döyüşdə Qazax eli bir igid də itirdi. Bu, kənd camaatının böyük hörmətini qazanmış vətənpərvər polis əməkdaşı Şamoy Çobanov idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağköynək kəndində dəfn edilmişdir.

Subay idi.

Ağköynək kənd məktəbi Qəhrəmanın adını daşıyır.