Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Baş səhifəMilli Qəhramanlarımız — ƏLİYEV İMAMVERDİ BARAT oğlu

İmamverdi Barat oğlu Əliyev 1950-ci ilin oktyabrın 1-də İmişli rayonunun Qulubəyli kəndində doğulmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna daxil olmuşdur.

1970-ci ildə İ.Əliyev sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan təxris olunur və Bakı şəhəri Yasamal rayon Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır.

1973-77-ci illərdə İ.Əliyev Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdur. İ.Əliyev təhsilini başa çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışmışdı.

1987-ci ildə İ.Əliyev İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi.

90-cı illərdə Vətənimizin bütövlüyü uğrunda qanlı döyüşlər başlanmışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı. 1991-ci ildə İmişli rayon Daxili İşlər şöbəsinin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İ.Əliyev də vardı. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.

1991-ci ilin noyabr ayının 15-də erməni yaraqlıları Hadrut rayonunun Şaqay kəndinə hücuma keçmişdilər. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. On saatdan artıq davam edən bu ölüm-dirim savaşında düşmən xeyli itki verdi. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı var.

İ.Əliyev İmişli rayonunda dəfn edilmişdir.

İmişli rayonunda İ.Əliyevin adına küçə var. Qulubəyli kənd orta məktəbi də Qəhrəmanın adını daşıyır. İmişli rayon Daxili İşlər şöbəsi binasının önündə İ.Əliyevin büstü qoyulmuşdur.