Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

HÜSEYNOV SADIQ DAYANDUR oğlu

Sadıq Dayandur oğlu Hüseynov 1961-ci ilin iyul ayının 29-da Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuşdur. 1968-ci ildə burada birinci sinifə getmiş və 1978-ci ildə orta məktəbi bitirmişdir.

1980-ci ildə S.Hüseynov Xankəndi Pedaqoji İnstitutunun İbtidai Metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Elə həmin il ordu sıralarına çağırılmışdır. S.Hüseynov hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1987-ci ildə institutu bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləmişdir.

S.Hüseynov 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edildi. Erməni quldurları Şuşaya hücum edəndə Sadıq da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdi. Onun başçılıq etdiyi dəstənin səyi nəticəsində onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat ələ keçirilmişdi. 1992-ci ilin mart ayının 29-da ağır yaralandı. Buna baxmayaraq o, yenə də silahı yerə qoymayıb, əsgər yoldaşlarını vuruşa səsləyərək irəli atıldı.

1992-ci ilin aprel ayının 13-də erməni silahlı birləşmələri Şuşanı ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Sadiqə adlı bir qızı yadigar qalıb.

S.Hüseynov Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.

Xocavənd kənd orta məktəbinə Qəhrəmanın adı verilmişdir.

 

 





Çap et  Çap et