Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ


1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu, son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.


Azərbaycan bəşəriyyətin ilkin mənbələrindən biri, zəngin və qədim tarixə malik olan ölkədir. Azərbaycan ərazisində Azıx mağarasında ilk insan məskənlərindən birinin və qədim daş dövrünə aid digər məskənlərin tapılması bunu əyani sübut edir.
Azərbaycan ərazisində dövlətçiliyin inkişafı uzun tarixə malikdir. Manna (e.ə. IX əsr), Midiya (e.ə. VI əsr), Atropatena və Albaniya (III-V əsrlər) dövlətlərinin yaranması və inkişafı, xristianlığın yayılması və V əsrdə alban əlifbasının yaranması, Ərəb Xilafətinin tərkibinə daxil edilməsi və islam dininin yayılması (VIII əsr), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərinin bir-birini əvəz etməsi bu tarixin qədim səhifələridir. Azərbaycanı əsarətə almaq üçün "parçala və hökm et" prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsində XVIII əsrdə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şamaxı, Şəki, İrəvan, Naxçıvan xanlıqları yarandı. XVIII-XIX əsrlərdə İran, Türlkiyə və Rusiya arasında münasibətlərin kəskinləşməsi və Azərbaycan uğrunda aparılan çəkişmələr Azərbaycan xalqının taleyində faciəli iz qoymuşdur.
Ermənilər Qafqazda Rusiya imperiyasının planlarının reallaşdırılması vasitəsi olaraq bu vəziyyətdən öz məqsədləri üçün faydalanmağa çalışır və XIV-XIX əsrlər boyu malik olmadıqları dövləti qurmağa səy göstərirdilər.


Rusiya və İran arasında aparılmış birinci və ikinci müharibələrin (1804-1813, 1826-1828-ci illər) sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri (12 oktyabr 1813, 10 fevral 1828) Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycanın parçalanmasına səbəb oldu. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.
Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Vilayətin tərkibinə həmin dövrdə 7331 azərbaycanlı və 2369 erməni ailəsi yaşayan İrəvan şəhəri də daxil edildi.


Bundan sonra Türkmənçay müqaviləsinin XV bəndinə müvafiq olaraq İrandan İrəvana, Qarabağa və Naxçıvana ermənilərin köçürülməsi həyata keçirildi. Məqsəd azərbaycanlıların məskunlaşdığı ərazilərdən çıxarılması idi. Tarixi mənbələrə istinadən 1829-1830-cu illərdə Qavqaza İrandan 40000, Türkiyədən 84600 erməni köçürülmüş və onlar əsasən Naxçıvan, Qarabağ və İrəvanda yerləşdirilmişdir. Bununla yanaşı uzun sürən müharibə illərində azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsi viran qoyulmuş, minlərlə insan öldürülmüşdür, insanlar doğma yurdlarını tərk etməli olmuşlar.


XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycanın ərazilərinin zəbt edilməsi yolu ilə özlərinin şovinist "Böyük Ermənistan" xülyasının reallaşdırılması məqsədilə təşkilatlanmağa başladılar. Həmin dövrdə Qnçaq (1887, Cenevrə) və Daşnaksütun (1890, Tiflis) partiyaları və "Erməni vətənpərvərləri ittifaqı" təşkilatı (1895, Nyu-York) yaradıldı.
Bütün bu səylərə baxmayaraq XIX əsrin ikinci yarısında Qafqazda məskunlaşmış azərbaycanlıların sayına görə İrəvan quberniyası Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra üçüncü yeri tuturdu. Rusiya imperiyasında keçirilmiş birinci siyahıyaalmanın nəticələrinə görə 1897-ci ildə İrəvan quberniyasında 313178 azərbaycanlı yaşayırdı. XX əsrin sonrakı hadisələri göstərdi ki, belə bir vəziyyət Azərbaycan xalqının gələcək faciələrinə səbəb oldu.


Ermənilər birinci Dünya müharibəsindən, fevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək bolşevizm bayrağından bəhrələnməyə çalışdılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olundu. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirildi, evlər yandırıldı, insanlara diri-diri od vuruldu. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdıldı, Bakının çox hissəsi xarabalığa çevrildi. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli abidələr dağıdılmışdır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür ("Aşxadavor" (Əməkçi) qəzeti, 2 noyabr 1919-cu il).
1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməmiş və ərazi itkisi ilə bağlı olmuşdur. Bu barədə Nazirlər Şurasının sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Hacınskiyə məktubunda qeyd edilir: "Ermənilərlə mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara verməli olduq".
Zaqafqaziyada 3 müstəqil dövlət yarandıqdan sonra müttəfiqlərin səyləri nəticəsində Erməistanın ərazisi 17500 ingilis kv.mili, əhalisi isə 1510000 nəfər (795000 - erməni, 575000 - azərbaycanlı, 140000 - digər millətlər) təşkil edirdi. Bununla kifayətlənməyən daşnaklar, beynəlxalq təşkilatlarda mübahisəli ərazilər barədə aparılan danışıqlara məhəl qoymadan, Azərbaycan və Gürcüstan əraziləri hesabına öz milliyətçi ideyalarını həyata keçirmək məqsədilə Gürcüstanın tərkibində olan Axalkalaki və Borçalıya, Azərbaycan ərazisində isə Qarabağ, Naxçıvan və Yelizavetpol quberniyasının cənub hissəsinə iddialarını irəli sürdülər.


Ermənilərin bolşeviklərə köməkliyi tezliklə mərkəzi hakimiyyət tərəfindən qiymətləndirildi. Moskvanın təzyiqinə tab gətirə bilməyən N.Nərimanov 1920-ci il dekabrın 1-də Deklarasiya ilə çıxış etdi. Ona əsasən ümumi sahəsi 9800 kv.km olan "Zəngəzur və Naxçıvan uyezdləri Sovet Ermənistanının hissəsi elan olunur".
Bu faktlardan aydın görünür ki, ermənilər şovinist məqsədlərinə nail olmaq üçün hər bir üsul və vasitələrdən istifadə etmiş, hətta beynəlxalq hüquq normalarının pozulmasından belə çəkinməmişlər.
Sovet hakimiyyəti illərində ermənilər artıq ənənə halını almış qayda və üsullarla azərbaycanlıları Ermənistan SSR-nin ərazisindən sıxışdırmağı, qonşular hesabına ərazilərini gerişlərdirməyi davam etdirmişlər. Bu fəaliyyətdə Ermənistanda və xaricdə yaşayan ermənilər həmrəylik göstərirdilər və bu da "Böyük Ermənistan" xülyasının həyata keçirilıməsi üçün ümumi strategiyanın olduğundan xəbər verirdi.


Tehran konfransı keçirilən zaman (1943) erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Bu təklifə İosif Stalinin razılığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını qoymuş oldu.


1945-ci ildə Ermənistan rəhbərliyi Qarabağın birləşdirilməsi məsələsini qaldırdı və bunu Ermənistanla iqtisadi əlaqələrin mövcudluğu ilə əsaslandırmağa çalışdı. Bu təklif rədd edildi və belə olan halda digər bir taktika işə salındı.
1941-1945-ci illər müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistana xaricdən ermənilərin köçürülməsinə başlanıldı. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 509000 nəfər, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35400 nəfər erməni Ermənistana köçürüldü.


Məlumatlara əsasən 1948-ci ildə Azərbaycana 2357 ailə (11046 nəfər), 1949-cu ildə 2368 ailə (10595 nəfər), 1950-ci ildə 14361 nəfər Azərbaycana köçürülmüşdür. 1948-1950-ci illərdə köçürülmüş 8110 ailədən yalnız 4878-i mənzillə təmin olunmuşdur. Ümumiyyətlə, 1948-1952-ci illərdə cəmi 100000 nəfər köçürülmüşdür. Əsasən dağ rayonlarından köçürülmüş və mənzillə təmin edilməmiş əhali Aran zonasının isti hava şəraitinə dözə bilmirdi və çoxsaylı tələfatlar baş verirdi. Hətta belə bir vəziyyətdə onların dağlıq ərazilərə, o cümlədən Qarabağa köçürülməsi barədə azərbaycanlıların və Azərbaycan rəhbərliyininin müraciətləri Mərkəz tərəfindən rədd edilmişdir.
Stalinin ölümü köçürülmə prosesini dayandırdı və məskunlaşmamış azərbaycanlılar ağır yaşayış şəraitinə dözməyərək, ermənilərin onlara qarşı göstərdiyi ayrıseçkilik və təzyiqlərə baxmayaraq döğma yurdlarına qayıtdılar. Bu azərbaycanlılara qarşı erməni şovinizminin yeni dalğasının - azərbaycanlılara qarşı mənəvi terrorun təzahürünə səbəb oldu. Tədris müəsisələrinin bağlanması, Azərbaycan dilində tədrisin ləğv edilməsi, azərbaycanlı rəhbər işçilərin ermənilərlə əvəz edilməsi, azərbaycanlı kəndlərin məişət və təssərüfat tələbatlarının nəzərə alınmaması, azərbaycanlılara qarşı kampaniyaların başlanması, xüsusən də 1965-ci ildə "ermənilərin genosidinin" 50-ci ildönümünün təmtəraqla keçirilməsi daşnak siyasətinin açıq-aşkar reallaşdırılması tədbirləri olmuşdur.
SSRİ-dəki yenidənqurma və aşkarlıq prosesləri əks-azərbaycanlı əhval-ruhiyyə və ərazi iddialarının yeni dalğasına səbəb oldu. 1945-ci ildə istifadə edilmiş taktika yenə də işə salındı və guya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında erməni millətçiləri azərbaycanlıların Ermənistandan qovulmasına və Qarabağın Azərbaycan ərazisindən ilhaqına başladılar.


1988-ci ildən kütləvi xarakter alan hədələr, fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin dağıdılması, 70 nəfər insanın, o cümlədən 21 qadın və 6 uşağın öldürülməsi ilə nəticələnmiş Quqark faciəsi, Vardenisdə 40 nəfərin öldürülməsi və digər 11 rayonda - Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya, Alaverdidə törədilmiş qanlı hadisələr və bu hadisələrə hakimiyyət orqanları tərəfindən rəvac verilməsi 250000 azərbaycanlını doğma yurdlarını tərk etməyə vadar etdi.
1905-1920-ci illərin hadisələri yenə də təkrar olundu: qadınlar və uşaqlar, qocalar qarlı dağ aşırımlarından keçərək, itkilər verərək Azərbaycana pənah gətirdilər.
Yenə də 1948-1953-cü illərin hadisələri təkrar olundu: Sovetlər İttifaqının mərkəzi hakimiyyətinin göstərişi ilə qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmədi, onlar çadır düşərgələrində məskunlaşmaq zərurətində qaldılar.
Zakfederasiyanın qərarı ilə 18 fevral 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin 1991-ci ilin avqustun 8-də qovulmasından sonra Ermənistan təkmillətli respublikaya çevrildi və "azərbaycanlılarsız Ermənistan" daşnak ideyası həyata keçirilmiş oldu.
1988-ci ildən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin işğalına, zəbt olunmuş rayonların xarabalıqlara çevrilməsinə, bir milyonadək əhalinin doğma yurdlarından qaçqın və didərgin düşməsinə səbəb oldu. 10000-dən artıq azərbaycanlı həlak oldu, on minlərlə insan yaralandı.


Bütün bunlar XIX-XX əsrlərdə erməni daşnaklarının həyata keçirdikləri şovinist siyasətinin nəticələridir. Qeyd etmək lazımdır ki, separatçılıq hərəkətləri hələ də davam etməkdədir və bu gün artıq Naxçıvan Muxtar Respublikasının Azərbaycandan ilhaq edilməsi fikirləri səsləndirilir. Bununla yanaşı, ermənilər dünya dövlətləri tərəfindən "erməni genosidi" faktının qəbul edilməsinə çalışırlar, ancaq yaddan çıxarırlar ki, həqiqətən də soyqırımın nə olduğunu bilən xalq başqalarına qarşı belə hərəkətlərə yol verməz. Yaxud da onların xəstə təxəyyülü beynəlxalq normaları özünəməxsus yozaraq həm zavallı, həm də zülümkar sifətində çıxış etməyi münasib bilir. Bütün bunlar XXI əsrdə, yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Nə qədər ki, hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməyəcəkdir, bəşəri cəmiyyət təhlükə qarşısındadır.
1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdır. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu əslində əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların zəbt ediməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.
Sovetlər İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan Respublikası soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi.


Azərbaycan Republikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.


1998-ci ildə Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi hallarla dünyanın hər bir yerində amansız mübarizə aparmaq üçün səylərin birləşdirilməsinə çağırmışdır.
Azərbaycan xalqının hər il qeyd etdiyi "Azərbaycanlıların soyqırımı günü" həmin məqsədlərə və dünya ictimaiyyətinin diqqətinin bu gün də davam edən şovinizm, separatçılıq hallarına cəlb edilməsinə xidmət edir. Yaddan çıxarmaq olmaz ki, biz hamımız - dünyanın bütün xalqları bəşəriyyətin gələcək əmin-amanlığına məsuliyyət daşıyır.

 





Çap et  Çap et