Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

26 02 2022

Xocalı faciəsinin qurbanları yad edildi

Fevralın 25-də Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olmuş 17 polis əməkdaşının, soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Elçin Məmmədli tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 30 il əvvəl Xocalıda üzləşdiyini bildirmişdir. Polis polkovniki E.Məmmədli ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilmiş dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırmışdır.

E.Məmmədli, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səylərinin puç olduğunu, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatlarının iflasa uğradığını qeyd etmişdir.
O, həmçinin, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsi nəticəsində möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan və qalib ordumuz sayəsində bu cinayəti törədənlərin layiq olduqları cəzanı almaları, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Polis polkovniki E.Məmmədli Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı vermiş, onların problemləri və qayğıları ilə maraqlanmış, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirmiş, onlara maddi yardım təqdim etmişdir.
Tədbirdə iştirak etmiş şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

 





Çap et  Çap et