Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi

YENİLİKLƏRİN ARXİVİ

30 12 2023

Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi, hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə apardığı məqsədyönlü islahatlar sayəsində Daxili İşlər Nazirliyi, onun təşkilati strukturları olan polis və Daxili Qoşunlar 2023-cü ildə də qanunla müəyyən edilmiş vəzifələri layiqincə yerinə yetirmişlər. Müasir dövrün təhdid və çağırışları nəzərə alınaraq Nazirlik sistemində struktur yenilikləri aparılmış, orqan və hissələrin infrastrukturu, maddi-texniki bazası müasirləşmişdir. Respublikanın hüquq mühafizə, xüsusi xidmət və digər dövlət orqanları ilə əməkdaşlıq şəraitində cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi funksiyaları peşəkarlıqla həyata keçirilmiş, işğaldan azad edilmiş ərazilərdə asayiş və təhlükəsizlik qorunmuşdur.

Xüsusi qeyd edilməlidir ki, yola saldığımız ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatında iştirak edən Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət, mərdlik göstərmiş və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənənlər dövlət təltiflərinə layiq görülmüşlər.
Əminəm ki, bundan sonra da qanunla müəyyən edilmiş vəzifələrin öhdəsindən bacarıqla gələcək, Dövlət Başçısının etimadını doğruldacaqsınız.

Hamınıza möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, uğurlar və yeni-yeni nailiyyətlər arzulayır, Azərbaycan Respublikasına xidmətə görə təşəkkür edirəm!


Vilayət Eyvazov
Azərbaycan Respublikasının daxili işlər naziri
general-polkovnik
30 dekabr 2023-cü il.

 





Çap et  Çap et