Gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə Füzuli, Ağcabədi, Laçın, Ağdam və Bərdə Rayon Polis və Regional Mühafizə şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər keçirilmişdir.
Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nəsirov və baş inspektoru polis polkovniki Laçın Paşayev tərəfindən tədbir iştirakçılarına “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır”, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” - əməkdaşların xidmət zamanı və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına əməl etməsinə, polisin cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edən normativ və nizamlayıcı sənəd kimi”, “Etik davranış qaydalarına zidd olan pis vərdişlərlə mübarizə və sosial şəbəkələrdən istifadənin yolverilməzliyi, cəmiyyətdə qəbul olunmuş mənəvi, əxlaqi və mədəni davranış, ailə-məişət normalarına riayət olunmasının vacibliyi” və “Azərbaycanda keçiriləcək “COP29” tədbiri” mövzuları üzrə iştirakçılara zəruri məlumatlar çatdırılmışdır.
Bununla yanaşı, sosial şəbəkələrin cəmiyyətin şüuruna mənfi təsir etmə imkanları və yarada biləcək təhlükələr, eləcə də korrupsiya hallarına qarşı mübarizə məsələləri ilə bağlı əməkdaşlarla canlı söhbətlər aparılaraq həmin təzahürlərin qarşısının alınması yolları izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Növbəti görüşlərin müəyyən olunmuş vaxtlarda ardıcıllıqla respublikanın digər rayonlarının polis orqanları və mühafizə hissələrində silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulmuşdur.



