Əziz həmkarlar!
Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Sizi, hörmətli veteranlarımızı, şəhid olmuş hərbi qulluqçuların və polis əməkdaşlarının ailə üzvlərini səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi çatdırıram.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqları uğrunda döyüşə başlayan rəşadətli Ordumuzun, o cümlədən Daxili Qoşunların fədakar xidmətləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunaraq Qarabağ və Şərqi Zəngəzur torpaqları işğaldan azad edilmiş, Zəfər bayrağı doğma yurdumuzda yenidən ucaldılmışdır. Əsgər və zabitlərimiz Murov Zirvəsi, Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə şücaəti, igidliyi və qəhrəmanlığı ilə xüsusilə fərqlənmiş, xalqımızın və onun ayrılmaz hissəsi olan Daxili İşlər Nazirliyinin şanlı tarixinə yeni qürur səhifələri yazmışlar.
Daxili Qoşunların şəxsi heyəti 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında da yüksək döyüş hazırlığı, peşəkarlıq və dövlətə sədaqət nümunəsi göstərmiş, Ali Baş Komandanın bütün əmrlərini məsuliyyətlə və layiqincə icra etmişdir.
Əminəm ki, öz andına həmişə sadiq qalan, qanunçuluğun və hüquq qaydasının keşiyində ayıq-sayıq dayanan, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə asayişi və təhlükəsizliyi mərdliklə qoruyan şəxsi heyətimiz bundan sonra da Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının etimadını doğruldacaqdır.
Xalqa və dövlətə sədaqətli xidmətə görə hər birinizə təşəkkür edir, möhkəm can sağlığı, ailə səadəti, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram!
Vilayət Eyvazov
Azərbaycan Respublikasının
daxili işlər naziri
general-polkovnik
7 noyabr 2025-ci il.