Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

GÜLƏLİYEV OQTAY GÜLƏLİ oğlu

Oqtay Güləli oğlu Güləliyev 1962-ci ilin noyabr ayının 10-da Laçın rayonunun Xaçımyalı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirmişdir.

1982-ci ildə O.Güləliyev hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutu­nun Bakı filialına daxil olur.

1989-cu ildə O.Güləliyev institutun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Laçın rayon Daxili İşlər Şöbəsində pasport bölməsinə baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunur. Bu zaman erməni quldurlarının torpaqlarımıza silahlı basqınları intensiv xarakter almışdı. Əhalinin təhlükəsizliyinin təmin edilməsində Oqtay böyük fədakarlıq göstərirdi. Uğursuzluqla sona çatan "Daşaltı əməliyyatı" zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu.

O.Güləliyev Pircahan kəndi yaxınlığında gedən ağır döyüşlərdən birində yaralanır bir müddət hərbi hospitalda müalicə olunur və yenidən cəbhəyə, öz rotasına qayıdır.

1992-ci ilin sentyabr ayının 19-da Oqtay Güləliyev Laçın dəhlizini tutmaq üçün əməliyyat planı hazırlayır. Onlar əvvəlcə Hocaz kəndini, sonra isə Nərgiz yüksəkliyini ələ keçirməli idilər. Düşmənin qüvvəsi çox üstün idi. Rota üzərinə düşən vəzifəni, çətinliklə də olsa, yerinə yetirdi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Bu, Gorus-Şuşa yoluna açılmış dəhlizə tam nəzarət demək idi.

Oqtayın rotası düşməni çaşbaş salaraq Sus kəndinə enir, oradan isə Qızılca kəndinə qalxır. Bu zaman onlar arxadan atəşə tutulurlar. Oqtay gilə məlum olur ki, qanları bahasına aldıqları ərazini düşmən yenidən ələ keçirib. Rota çətin vəziyyətə düşür. O.Güləliyevin dəstəsi mühasirəni yararaq Avazdar yüksəkliyinə qalxıb, oradan da Hocaz kəndinə dönür. Elə bu vaxt Oqtaygil yenidən mühasirəyə düşürlər. Oqtay vəziyyətin ağır olduğunu görüb, yoldaşlarını təhlükəsiz yerə keçirmək üçün ermənilərin qarşısını kəsir və onlarla təkbaşına döyüşə girir. Oqtayın döyüş yoldaşları xilas olur, özü isə qəhrəmancasına şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı Fərmanı ilə Güləliyev Oqtav Güləli oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb.

O.Güləliyev Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Laçın şəhərində və Piçənis kəndində Qəhrəmanın adına məktəb var.