Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

HƏSƏNOV SƏYAVUŞ HƏSƏN oğlu

Səyavuş Həsən oğlu Həsənov 1964-cü ilin yanvar ayının 20-də Şərur rayonunun Yengicə kəndində Həsən kişinin ailəsində əkiz oğul dünyaya gəldi. Onlardan birinin adını Səyavuş qoydular. Səyavuş səkkizinci sinfə qədər kənd məktəbində oxuduqdan sonra, təhsilini Bakıdakı 54 saylı texniki- peşə məktəbində davam etdirdi. Rəngsaz peşəsinə yiyələndi. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin nəzdindəki Evtikmə Kombinatında işlədi.

1982-ci ildə S.Həsənov Sovet Ordusu sıralarına çağrıldı. Stavropol diyarında xidmətini başa vurduqdan sonra yenidən işlədiyi kombinata qayıtdı. Bir müddət sonra evtikmə kombinatından Tümenə 3 il müddətində işləməyə 300 nəfərlik dəstə göndərilirdi. Səyavuş da bu dəstənin tərkibinə daxil edilmişdi.

1990-cı il yanvarın 20-də əkiz qardaşların ad günü qeyd olunurdu. Elə bu vaxt Moskva televiziyasından verilən acı xəbər bütün azərbaycanlıları sarsıtdı. Qəflətən Bakı şəhərinə ordu yeridilmiş, yüzlərlə günahsız insan qətlə, yetirilmişdi. Həmin gecəni sübhəcən oyaq qalan eloğlular ertəsi gün Vətənin harayına çatmaq üçün geriyə - Bakıya dönməyi qərara alırlar. Səyavuş Bakıya qayıdan kimi Xalq Hərəkatına qoşulur.

Qarabağı qorumaq iiçün könüllü müdafiə batalyonu yarananda ona ilk daxil olanlardan biri də məhz Səyavuş oldu. O, Azərbaycanın bir çox bölgələrində: Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada qeyrətlə vuruşdu, mühüm döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi.

Azərbaycanın alınmaz qalası olan Şuşa xəyanətin qurbanı olanda, Səyavuş bir neçə ay özünə gələ bilmədi. Axı, bu qədim şəhər neçə-neçə igidin qanı bahasına qorunub saxlanmışdı. Şuşadakı uğursuzluqlardan sonra o, Respublika Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazıldı.

1992-ci il iyun ayının 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərdi. 1992-ci il iyun ayının 25-də dəstəyə növbəti tapşırığı yerinə yetirmək əmri verilmişdi. Bu dəfə Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləiyrdi. Birdən güclü atəşlə qarşılaşdılar. Dəstə cəld öz mövqeyini möhkəmləndirib, ermənilərin hücumu dəf etməyə başladı. Döyüş getdikcə daha da qızışırdı. Düşmən tankı lap yaxınlığa çatmışdı. Səyavuş yaralı olsa da özündə güc tapa bildi. Əl qumbaraatanını işə saldı. Tank bir göz qırpımında alova büründü. Bu döyüşdə Siyavuş da qəhrəmancasına şəhid oldu. Cəsur döyüşçünün cəsədi yalnız bir həftə sonra döyüş meydanından çıxarıldı.

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı Fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi.

S.Həsənov Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir.