Baş səhifə
İdarənin Vəzifələri
DİO-da Gender Siyasəti
Bizimlə Əlaqə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Daxili İşlər Nazirliyi, polis orqanları gərək həm güclü, həm mənəviyyatca sağlam, həm də dəmir nizam-intizamlı bir təşkilat olsun. Belə bir təşkilat Azərbaycan Respublikasının müstəqilliyini, müstəqil dövlət kimi inkişafını təmin etməlidir.

H.Əlivev
Azərbaycan xalqının ümummilli lideri

İBRAHİMOV NURƏDDİN İSLAM oğlu

Nurəddin İslam oğlu İbrahimov 1951-ci ilin mart ayının 16-da Bakı şəhərinin Buzovna qəsəbəsində doğulmuşdur. 1969-cu ildə buradakı 125 saylı orta məktəbi bitirmişdir.

1970-ci ildə N.İbrahimov ordu sıralarına çağırılmışdır. Hərbi xidmətdən sonra Bakı Aqreqatlar Zavodunun texniki nəzarət şöbəsində əmək fəaliyyətinə başlamışdır.

1975-ci ilin iyulunda komsomol çağırışı ilə Baykal-Amur Magistralına (BAM) işləməyə gedir. 1978-ci ildə İrkutsk şəhər Daxili İşlər İdarəsində işə qəbul olunur. Milis sisteminə olan hədsiz həvəsi onu 1981-ci ilin mayında SSRİ Daxili İşlər Nazirliyinin Xabarovsk şəhər Ali Milis Məktəbinə gətirib çıxarır. O, 1982-ci ildə İrkutsk şəhərində baş sahə inspektoru vəzifəsinə təyin olunur. N.İbrahimov 1986-cı ildə hüquqşünas ixtisası üzrə ali təhsilini müvəffəqiyyətlə başa vurur. 1986-cı ildə "Əla xidmətə görə" medalı ilə təltif olunur. 1988-ci ildə onu daha bir məsul vəzifəyə - cinayət axtarışı şöbəsinin rəisi vəzifəsinə təyin edirlər. 1989- cu ildə o, İrkutsk Şəhər Sovetinə deputat seçilir.

1990-cı ildə Vətənin başını qara buludlar alan zaman N.İbrahimov Azərbaycana qayıdır. Elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsinə sahə müvəkkili göndərilir. Burada gedən döyüşlərdə fəal iştirak edir. N.İbrahimov döyüşlərin birində yaralanaraq bir müddət hospitalda müalicə olunur. Zədəsi ciddi olduğuna görə 1991-ci ildə öz işini Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon Daxili İşlər Şöbəsində davam etdirməli olur. Nurəddin cəbhə xəttindən uzaqda olmasına baxmayaraq, tez-tez cəbhə bölgələrinə gedir, polis yoldaşlarına yaxından köməklik göstərirdi. 1993-cü ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmişdi. Polis mayoru rütbəsinəcən yüksəlmişdi.

Nurəddin İbrahimov 1995-ci il fevral ayının 10-da Binə qəsəbəsində cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı böyük rəşadət göstərmişdi, lakin özü də həlak olmuşdu.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı Fərmanı ilə İbrahimov Nurəddin İslam oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Evli idi. Bir qızı yadigar qalıb.

N.İbrahimov Bakı şəhər, Xəzər rayon Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilib.

Buzovna qəsəbəsində küçələrdən biri və mədəniyyət evi Qəhrəmanın adını daşıyır.

Mədəniyyət evinin qarşısında N.İbrahimovun büstü qoyulub.